X Qəbələ Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir

Xəbər verdiyimiz kimi, iyulun 30-da Qəbələ şəhərində ənənəvi musiqi festivalı başlayıb. 2009-cu ildə təməli qoyulan sənət bayramı bu il 10-cu dəfə keçirilir.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə gerçəkləşən festival müxtəlif ölkələrdən ifaçı və kollektivləri  bir araya gətirib.

Festivalın ilk günü iki konsert proqramı təqdim olunmuşdu. “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan birinci konsertdə Azərbaycanın istedadlı gənc musiqiçiləri gənc bəstəkarların kamera əsərlərini səsləndirmiş, ikinci konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestri çıxış etmişdi.

* * *

İyulun 31-də X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda vurğulanır ki, Azərbaycanın bu gözəl guşəsindəki görüşlərimiz artıq xoş bir ənənəyə çevrilib: “Biz sizinlə ilk dəfə 2009-cu ildə Qəbələ birinci beynəlxalq klassik musiqi festivalında görüşmüşük. Bu gün isə mühüm bir yubileyi qeyd edirik. Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçılarını və qonaqlarını qəbul edir.

Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb”.

 

Musiqi bayramı mədəniyyətlərarası dialoqa töhfədir

 

Diqqətə çatdırılır ki, Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. “Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı” adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir: “Qəbələ festivalı onların arasında xüsusi yer tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən birində, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixini və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir”.

Qeyd olunur ki, Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub: “Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır. Hər il festivalın səhnəsinə dünyanın tanınmış ifaçıları və kollektivləri çıxır. Bizim qədim Qəbələ bu sənəti sevənlərin – musiqiçilərin, tamaşaçıların və tənqidçilərin ən sevimli görüş yerinə çevrilib. Burada yaradıcılıq birliyi və qarşılıqlı anlaşma üçün inanılmaz dərəcədə isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən və müxtəlif qitələrdən ifaçıların və kollektivlərin iştirak etdiyi bu möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni sərvətləri ilə tanış etmir. O həm də müxtəlif ölkələri təmsil edən musiqiçilər arasında dostluq münasibətləri və əlaqələrin qurulması üçün gözəl imkanlar yaradır, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə öz töhfəsini verir.

 

Cümhuriyyətin 100 illiyində yubiley festivalı

 

Təbrik məktubunda daha sonra deyilir: “Xanımlar və cənablar, əziz dostlar. Sizin bəziləriniz artıq ölkəmizdə olub, bəziləriniz üçün isə bu, Azərbaycana ilk səfərdir. Ölkəmiz mehribanlığı və qonaqpərvərliyi ilə tanınır. Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni ideyalar üçün də hər zaman açıqdır.

2018-ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb.

Biz hər zaman qonaqları qarşılamağa şadıq. Qəbələ Beynəlxalq Musiqi Festivalının ildən-ilə öz coğrafiyasını genişləndirməsi, dünyanın bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının sayının artması bunun bariz nümunəsidir. Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını bir daha nümayiş etdirəcəkdir.

Bu günlərdə bizi olduqca maraqlı və zəngin festival proqramı gözləyir. Festivalın səhnəsinə həm məşhur ulduzlar, həm də gənc musiqiçilər çıxacaqlar. Əminəm ki, 10-cu yubiley Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni həyatın mühüm səhifəsinə çevriləcək, bizə bir çox maraqlı görüşlər və xoş təəssüratlar bəxş edəcəkdir. Hər birinizə uğurlar, sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”.

* * *

Mərasimdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov beynəlxalq musiqi festivalının ötən 10 il ərzində Qəbələnin şan-şöhrətini dünyaya yaydığını deyib: “Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik. Biz Mehriban xanıma bu gün Azərbaycanımız üçün keçirilən tədbirlərin təşkilində, Azərbaycan insanının maddi-mənəvi rifahının yaxşılaşdırılması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu gün dünyanın hər yerindən görünən bir dövlətdir. Bu gün dünyanın bu çətin, keşməkeşli vaxtında, müharibələrin, münaqişələrin, iqtisadi çətinliklərin hökm sürdüyü dünyamızda bir sabit məkan var. Bu, hər yerdən öz işığı ilə görünən doğma Azərbaycanımızdır”.

* * *

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini bildirib, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. O, festivala uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

 

Qəbələ Beynəlxalq Musiqi Festivalına maraq ildən-ilə daha da artır

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə artıq öz işinə başlayıb. İldən-ilə bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən ona göstərilən diqqət və maraq artmaqdadır. İlk illərdə bu təşəbbüs irəli sürüləndə kimsə düşünmürdü ki, dünya musiqisi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunaraq böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcək.

Bu sözləri festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ötən illər ərzində şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi, dəstəyi və təşkilatçılığı sayəsində dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gəlməsinə imkan yaranıb. London, Yohannesburq, İsrail, Rusiya, Fransa, İtaliya və digər ölkələrin aparıcı musiqi kollektivləri Qəbələyə gəlib. “Hesab edirəm ki, bu, öz-özlüyündə bir göstəricidir. İlbəil genişlənən beynəlxalq auditoriya məhz Qəbələyə mədəni turizm məqsədləri üçün gəlməkdədir və bu, bizi olduqca sevindirir”, - deyə Əbülfəs Qarayev qeyd edib.

* * *

Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

Bu fikirləri isə jurnalistlərə müsahibəsində festivalın bədii rəhbəri, Xalq artisti Fərhad Bədəlbəyli bildirib. O, builki festivalın bir neçə əlamətdar hadisə ilə yadda qalacağını vurğulayaraq deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi geniş qeyd edilir. Konsertlərdən biri də dahi bəstəkarın yaradıcılığına həsr olunacaq. Festivalın konsertlərində, həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və digərlərinin əsərləri səsləndirilir. İnanırıq ki, festivalın konsertləri musiqisevərlərə yenə də unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək”.

 

Kamera musiqisi həvəskarları üçün növbəti proqram təqdim olunub

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 1-də maraqlı konsert proqramları ilə davam edib. Həmin gün öncə Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında yerli və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə konsert keçirilib.

Proqramda S.Raxmaninovun “Fortepiano və violonçel üçün sonata”, E.Qranadosun “Qoyeskas” operasından intermezzo, R.Şumanın “Adajio” və “Alleqro”, İ.Bramsın “Fortepiano və viola üçün sonata” əsərləri səsləndirilib.

Kamera musiqisi axşamında festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər – Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin avstriyalı viola ifaçısı Nora Romanov-Şvartsberq və Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Adıgözəlzadə çıxış ediblər.

 

Kubalı ifaçıların çıxışı böyük maraqla qarşılanıb

 

Avqustun 1-də axşam festival tamaşaçılarına Kubanın “Jovanes Clasicos Del Son” qrupunun konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl “Jovenes Clasicos Del Son” qrupu haqqında məlumat verilib. Bildirilib ki, qrupun əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət qrup Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər. Onlar ənənəvi musiqini pozmadan ona müasir toxunuş əlavə ediblər.

Qrup Kuba musiqisinin pionerlərindən biri kimi tanınmaqla, “Buena Vista Social Club” ənənəsini davam etdirir. Qrupun rəhbəri Ernesto Reyes Proenzadır. Kubada onlar eyni zamanda “möhtəşəm yeddilik” kimi də tanınırlar. Musiqi qrupu özünəməxsus səslənmə yaratmaq üçün son, rumba, Latın-caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, ənənəvi musiqiyə yeni yanaşma təklif edir. Səhnədə interpretasiya gücü ilə seçilən qrup tanınmış caz festivallarında minlərlə insanı rəqsə sövq etməyə qadirdir.

Konsertdə təkrarolunmaz və özünəməxsus səslənmə yaratmağa müvəffəq olan “Jovenes Clasicos Del Son” qrupunun möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb.

* * *

Festivalın növbəti gününün proqramı da zəngin olub. Avqustun 2-də sənətsevərlərə multipiano musiqisi axşamı, ardınca isə muğam axşamı təqdim edilib.