Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sabit Demokratiya Texnologiyaları” İctimai Birliyi tərəfindən “Erməni separatçılarının özününküləşdirməyə çalışdığı xristian alban abidələri və bunun arxasındakı siyasi hədəflər” adlı layihə həyata keçiriləcək. Layihədə Qərbi Kaspi Universitetinin müəllimləri ilə yanaşı, tələbələri də tədqiqatçı qismində iştirak edəcəklər.
Universitetdən bildirilib ki, ermənilərin Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdə özününküləşdirdiyi abidələrin siyahısı tərtib olunduqdan sonra layihə iştirakçıları həmin abidələrin yerləşdiyi digər rayonlarda (Tovuz, Daşkəsən, Qazax və Göygöl) da arxiv materiallarını araşdıracaqlar. Həmçinin abidələrin yaranma tarixi, həmin dövrdə mövcud olan tarixi şərait tədqiq ediləcək. Araşdırmalar ingilis və rus dillərinə tərcümə olunaraq yayımlanacaq.
Layihənin başlıca məqsədi Dağlıq Qarabağın etnik tərkibini və yerli xalqlar arasındakı münasibətləri, ermənilərin Qarabağa köçürülməsindən sonra yerli əhalinin zorla erməniləşdirilməsi faktlarını üzə çıxarmaqdır.
Sonda layihədə iştirak edən tarixçilər, ekspertlər və tələbələr tərəfindən toplanmış materialların ətraflı müzakirəsi məqsədilə elmi konfrans təşkil olunacaq.