Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhəri I Beynəlxalq muğam forumuna ev sahibliyi edəcək. Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub.

İlk forumda Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova bildirib ki, hələ sovet dönəmində Özbəkistanın Səmərqənd şəhərində muğam simpoziumları keçirilirdi. Sonralar bu tədbirlər “Şərq təranələri” adlı beynəlxalq festivala çevrildi və burada təkcə muğam deyil, musiqinin müxtəlif janrları təmsil edilməyə başlandı. Bu festivalda dünyanın 50-60 ölkəsinin musiqiçiləri iştirak edir: “İndi də qərara alınıb ki, muğama həsr edilən beynəlxalq forum təşkil edilsin. Forum çərçivəsində həm muğam ifaçılarının müsabiqəsi, həm də muğam sənətinə həsr edilən konfrans təşkil olunacaq. Konfransda mənimlə bərabər Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev də çıxış edəcək. Mövzularımız da kifayət qədər aktualdır. Mənim məruzəm “Azərbaycan muğamı bu gün: İfa və interpretasiya məsələləri”, Fəxrəddin müəllimin məruzəsi isə “Şərq muğam sistemində temperasiya məsələləri” mövzusundadır”.

Qeyd edək ki, forumun müsabiqə proqramında Belçika, Misir, İsrail, İordaniya, Mərakeş, Pakistan, ABŞ və başqa ölkələrdən ümumilikdə 70-ə yaxın ifaçının iştirak edəcəyi gözlənilir. Müsabiqədə ölkəmizi xanəndələr Nigar Şabanova və Abgül Mirzəliyev təmsil edəcək. Musiqiçilər Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental qrupunun müşayiəti ilə çıxış edəcəklər.

Lalə AZƏRİ