və ya “Şanapipik əfsanəsi”
   
   Zəriflik... Azərbaycan kinosunda məhz belə zəriflik yeni çəkilmiş “Çölçü” filminə baxışdan sonra hisslərimi necə çulğalamışdısa sevincimdən zərif göz yaşlarımla salamladım bu duyğusallığı.
   Filmin ilk kadrları çöl küləyinin rəqsi ilə başladı. Aşiqin köksündəki alova da bənzəyirdi o, qıvrılıb, qıvrılıb gəlib daşı bu alovla yaxdı, sonra yenə də Aşıq Ələsgərin, eşqin bəhrinə düşən aşiqi kimi narın silkənib, narın üzməyə başladı.
   
   Əlbəttə, filmə bir neçə dəfə baxıb onun kinematoqrafik təhlillini də apara bilərdim bu yazımla. Bu haqda qısaca onu deyə bilərəm ki, filmdə kadrdaxili montaj üstünlük təşkil edir. Cüzi hallarda panoram və kameranın hərəkəti süjetin mifoloji əsaslara söykəndiyinə işarə olaraq hiperrealizm və naturalizmin rejissorun estetik prinsiplərinə yad olduğunu özündə ehtiva edir. Filmin obrazlarını şərtləndirən üsulların hamısı yerli-yerində işlənmiş, yəni rəng, temporitm, işığın rakurs seçimi, aktyorların oyun tərzindəki soyuq psixologizm, hadisələr sisteminə konkret konflikt bucağından baxmaq - bütün bunlar filmin elmi terminologiya dili ilə qısa xarakterizəsidir.
   Lakin mən “Çölçü”nün hisslərimə ilk təsir gücündən səmimi bir tamaşaçı diliylə danışmaq istəyirəm. Film bəşərin ilahi hissi, yəni sevgi haqqında fəlsəfi poemadır. Bu şeriyyətin qəhrəmanları həm folklor, həm klassik, həm də bu günümüzün miks olunmuş obrazlarıdır. Məhz ona görə də bu qəhrəmanların həm rasional, həm də irrasional qavranılması mümkündür.
   Ümumiyyətlə, kinorejissor Şamil Əliyev bizim filosof rejissorlarımızdandır desək, yanılmarıq. Hələ 2000-ci ildə onun Nobel mükafatçısı, məşhur Misir yazıçısı Nəcib Məhfuzun əsərinin motivləri əsasında çəkdiyi “Etiraf” filmində cəmiyyət və şəxsiyyət arasındakı münasibətləri əsərin qəhrəmanının psixoloji durumu fonunda ekran təcəssümünə çevirməsi diqqətimi cəlb etmişdi. Belə ki, onun əlində tamaşaçının hisslərinə təsir etməklə fəhminə sirayət etmək gücünə malik sehrli rejissor çubuğu var. “Çölçü” filmində də müasir tamaşaçını məhəbbət haqda filmlərdə adət etdiyi məkan çərçivəsindən çıxararaq müasir sevgililəri restoran, bar, mənzərəli təbiət qoynundan, çarpayıdan gətirib boş çöllü-biyabanda, boz bir məkanda qovuşdurmaq və bu məhəbbəti bütün dolğunluğuyla tamaşaçıya sevdirmək məhz bu çubuğun təsirindəndi. Yeni Azərbaycan filmi haqda belə ibarəli danışmağıma, bilirəm ki, irad tutanlar tapılacaq; özü də əvvəlcədən bu film haqda xırda-para qeydlər edən gənc tənqidçilərimiz.
   Bizdə gənc kinotənqidçilərin erudisiyasının zənginliyi məni sevindirir. Ancaq əfsus ki, bu erudisiya onlara öz kino çəkənlərimizin fədakar əməklərinə qiymət verməyə mane olur. Onlar özlərini yuxarıda, Azərbaycanın kino fədailərini (kino çəkənlərini) isə özlərindən aşağıda görməyə çox həvəs göstərdikləri üçün obyektiv ola bilmirlər. Mən isə kinomuza məhz kinomuzun ümumi vəziyyəti səviyyəsində dəyər verməyə can atan bir jurnalist olaraq kinematoqrafçılarımızın əməyini yüksək qiymətləndirməyə daha çox meylliyəm. Məhz buna görə də rejissorla söhbət edərkən ona ilk sualım da filmin büdcəsi haqda oldu. “1 milyon”, - deyə cavab verdi. “Bəs, 5 milyon verilsəydi, filmi necə çəkərdiniz?” sualıma cavabında isə “Elə belə də çəkərdim, sadəcə, daha bahalı texnikadan istifadə edərdim, yaradıcı qrupun qonorarını çoxaldardım”, - dedi.
   Əlbəttə, mən bu cavabın dərinliklərinə varmaq istəməzdim, çünki bizdə ildə 120 film deyil, bir necə film çəkilir. Film çəkmək şansı qazananlar isə bu halda “şadlıqlarına şitlik qatmaq"da maraqlı deyillər.
   Mənə isə məhz bu ssenari əsasında, həmən bu yaradıcı heyətlə 5 milyona film çəkmək ixtiyarı verilsəydi, onda dünyada məhəbbət adına ucaldılmış ən məşhur abidələrə - Tac Mahala, dağılsa da ruhu hələ var olan Semiramidanın Asılı bağlarına natura çəkilişlərinə yollanar, filmdəki dəvələri isə Sahara səhrasındakı dəvələrdən seçib, oranın piramidaları ətrafında dövr elətdirərdim. Bəli, “Çölçü” filminin öz poetikası və fəlsəfi dərinliyilə, rejissorun qeyd etdiyi kimi, “qloballaşma ilə saf duyğular arasındakı əksliklərin vəhdətini göstərmək” üçün gözqamaşdırıcı şöhrətə alışan tamaşaçı tələbatını nəzərə alıb, bu bədxərcliyi etmək hüququ var idi. “Çölçü” isə qloballaşma probleminin, daha dəqiq desək, bəşərin bir sürü dərdlərinin dar bir məkanda, bir necə aktyorun iştirakıyla, analiz və sintezinə nail olmaq nümunəsi göstərə bildiyi üçün kinomuzun uğuru kimi dəyərləndirilməlidir.
   Filmin mövzusunun eşq-məhəbbət olduğunu iddia edə bilmərəm. Əgər yaradan hər şeyi sevərək yaratmışsa, deməli, məhəbbəti bütün çalarlarıyla araşdırmağa çalışsaq, onda onu filmin hər əşyasında görə bilərik; qəhrəmanın düzəltdiyi daş fiqurlar, ibtidai insandan qalan məhəbbət yadigarlarıdır ki, hələ də ilham pərisinə dönə bilirlər. Filmin qəhrəmanı Ulunun sandıqda saxladığı kilimarası xalq teatrı da insan ruhunun məhəbbətindən yaranıb; Ulu öz nakam eşqini onun köməyilə canlı edə bilir və nəsildən-nəslə ötürür. Xalqımızın, namusu bədiiyyata çevirən “Şanapipik quşu haqda əfsanə”si isə mayası insan məhəbbəti olan təbiətin özüdür. Bu əfsanə “Çölçü”nün ana xəttidir.
   Namus... Bu gün qloballaşan dünyada tamamilə mənasız bir dəyərə çevrilmək üzrə olan bu əxlaqi kateqoriya filmin maraqlı bir süjet materialı olub, filmin bir deyil, bir neçə digər mövzular üzrə şaxələnməsinə imkan yaradır. Filmdə külək də, çöl, dəvələr, hər bir personaj da ayrı-ayrılıqda bir mövzu daşıyıcısı olaraq əsas süjeti tək tamamlamır, həm də özünün başqa kontekstlərdə qavranılması üçün geniş üfüqlər açır. Bu isə tamaşaçıya həm də gördüklərini öz arşını ilə ölçmək imkanı verir. Təsadüfi deyil ki, filmə baxışdan sonra tamaşaçılardan biri film haqda öz mülahizəsini belə bildirmişdi: “Dəvələr aktyorlardan yaxşı oynayıblar”. Obrazlarından biri Şanapipik olan “Çölçü”də dəvələrin aktyor kimi oynadılması bu mənada filmin uğuru sayıla bilər. Filmin musiqi dilini daha da təbii və səmimi edən dəvə kişnərtiləri, onların ayaq cappartıları, marçıltıları - bütün bunlar maldarlıqla məşğul olan qədim bir xalq kimi bizi kodlarla düşünməyə, filmdə gördüklərimizi dərindən, fəlsəfi düşüncəmizin süzgəcindən keçirməyə sövq edir. Bəli, məhz kodlar. Kodlarla düşündürən bir ekran əsəri kimi “Çölçü” kinomuzun yeni dilidir. Bir daha deyirəm ki, bu yeni tamaşaçı səviyyəsi görmək istəyən film yaradıcılarının məqsədlərindən biridir. Belə ki, rejissor hər dəfə təkrar-təkrar qeyd edir ki, məqsədimiz melodram çəkmək olmayıb.
   Zəriflik. Filmin əsas obrazlarından biri olan gənc Çölçü obrazını yaratmaq Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğluna həvalə olunub. Obrazın zərif daxili aləmini, təbii ki, ən yaxşı bədii həlli üçün bunu sifət mimikasında, gözlərdə əks etdirə bilmək imkanları mim aktyoruna daha yaxındır. Aktyor isə daha geniş diapazonla çox saf və həm də ərən xislətli bir çölçünün ekran təcəssümünə nail olmuşdur. Doğrusu, əgər obraz dildən gen-boluna istifadə etsəydi, bu saflıq itə bilərdi. Obrazın bu tərzdə təsviri onu öz saflığı ilə həm köhnə saf ibtidai formasiyaya aid edir, həm də qloballaşan dünyanın dilsiz də bütün müxtəlifdilli bəşər üçün anlaşılan bir obrazı kimi qavranılmasına kömək edir. Bu film həm də stereotipləri yıxaraq sevən cütlüklərdə verilən qadın obrazını adət etdiyimiz gözəl gözləri, dodaqları, telləri və erotik cazibəsi ilə deyil, digər xüsusiyyətləri ilə yaddaqalan edir. Bu, çölçünün sevdiyi qadının ayaqları və şanapipik darağına bənzər saç düzümüdür. Bu mənada əfsanədə şanapipiyə çevrilmiş gəlin, realda qanadları ayaqlarına çevrilmiş gəlindir. Aktrisanın ayaqları “pırr” edib uçan quş qanadlarının təsvirini verə bilir.
   Ekran əsərində bizə ilk təqdim olunan Ulu obrazı cansıxıcı bir mühitdə görünür: öskürək, kasıb bir ocaq. Və birdən-birə həzin bir nisgil. Ulu sandığı açıb bir məhəbbət əfsanəsi danışır. Adi bir ağ-qara, elə də gözəgəlimli olmayan bir qadın şəklinin ekranda təqdimi ilə onun da bu əfsanənin içində yaşadıldığını görürük. Daş üzlü bir dünyanın yorulmuş, əldən düşmüş müdrik Ulusudur o. Qəlbində məhəbbət nisgili yaşadan insan daş üzərində bitən çiçək kimidir bu ulu dünyamızda. Bu mənada “Çölçü” filmi həm də belə bir ideyanı tamaşaçısına ümid olaraq təqdim edir; üzü daşa dönmüş dünyada yaşamağına dəyər, çünki insanın qəlbindəki sevgi nisgili hələ də canlıdır, son nəfəsində belə onu tərk etmir... Qəbir itən yerdə yurd olar. Ulunun söylədiyi bu aforizm də ümid rəmzidir.
   "Çölçü" filmində milli mentalitetimizin belə bir sualına cavab tapmaq problemi ilə baş-başa qoyulur tamaşaçı: "Bir şərəfsiz tərəfindən namusu tapdalanmış qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?” Mentalitetimiz deyəndə, nəzərə almalıyıq ki, elə dünya kinematoqrafında da bu sual ətrafında fırlanan filmlər az olmayıb. Götürək, hamımızın əzbərdən bildiyi "Avara" filmini. Filmdə sevdiyi qadından ləkələnmiş namusuna görə üz döndərən ər, sonda özü cəmiyyətin ləkəsinə çevrildi; avara oğul atası oldu. "Şanapipik əfsanəsi"ndə isə gözəl gəlin tapdalanmış namusunu qorumağın öhdəsindən ilahinin köməyilə gələrək namusunu qanadları altına alan bir quşa çevrildi. Bəli, "Çölçü" filmi “sözün əsl mənasında” qlobal bir mövzu üzərində baş sındırası olub və çoxları bu əzaba qatlaşmamaq üçün film haqda ötəri mülahizə yürütməklə kifayətləniblər.
   Namusu tapdalanmış qadın... Təbii ki, reallıqda qadın əfsanədəki gözəl kimi quşa çevrilməyə qadir deyil. Bu məqamda namusu tapdalanmış qadınların taleyini göz önünə gətirirəm. Kim bilir, bəlkə onların da Uca Yaradan dadlarına çata bilər, onlar da bu gün bağça-bağlarımızda, çöl-çəmənimizdə, səmamızda uçan şanapipklərə döndərilirlər ki, namuslarını qanadları altına alsınlar; axı çox vaxt onların da tapdanmış namusları elə tapdağ altında da qalası olur...
    “Çölçü”dəki gəlinlə çölçü sevgisinin nə ilə bitəcəyi haqda mənim öz versiyam çox sadə oldu. Çünki o həm köhnə əfsanənin, həm də üzü matriarxata gedən cəmiyyətin gələcək əfsanəsinin bitkin bir obrazı kimi canlana bildi filmdə. Bir şanapipik kimi qadın öz namusunu həm öz qanadları altına aldı, həm də quşa deyil, məhz gələcək matriarxatın güclü, sevən bir qadınına çevrilərək, özü-özüylə baş-başa qaldı, sonsuz bir çöldə, ucsuz-bucaqsız bir səma altında - arxasınca gələn patriarxatı gözləyə-gözləyə...
   
   Sədaqət Kamal
   
sadaqat.kamal@mail.ru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar