Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov İstanbulun Topqapı Sarayı Muzeyindən XVII-XVIII əsrlərdə yaşamış Nəşə Təbrizinin divanının surətini əldə edib.

İnstitutdan bildirilib ki, əsasən farsca yazılmış bu divanın sonunda şairin Azərbaycan türkcəsində şeirləri yer alıb. Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin nəslindən olan Əbdürrəzzaq Nəşə Təbrizi dövrünün tanınmış alimi, riyaziyyatçısı olub, Nadir şahın yürüşlərində iştirak edib. Divandakı Azərbaycan türkcəsində olan qəsidələr Nadir şahla bağlıdır. Bu qəsidələrdən biri Nadir şahın göstərişi ilə 1743-cü ildə Nəcəf şəhərində Həzrət Əlinin türbəsinin qızıla tutulması münasibətilə yazılıb.