Türkiyənin “Anadolu atəşi” rəqs qrupu fəaliyyət göstərdiyi 17 ildə 45 milyon insan tərəfindən alqışlanıb. Bu müddət ərzində kollektiv 5 mindən artıq konsertdə çıxış edib.
Əsas konsepsiyası “mədəniyyətlər görüşməsi” olan “Anadolu atəşi” xalq rəqslərini, balet, müasir rəqs və rəqsin digər qollarını sintezləşdirərək dünyaya müasir standartlarda bir folklor rəqs konserti təqdim edir.
Qrup türk folklorundan bəhrələnərək 3 minə yaxın xalq rəqsinin elementlərini və xalq musiqisini özündə yaşadır.
“Anadolu atəşi”nin bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, Bəhreyndən Sibirə, Çilidən Yaponiyaya qədər bir çox yerlərdə geniş konsert proqramı ilə çıxış ediblər.
Kollektiv növbəti qastrol səfərinə hazırlaşır: “Hazırda Avstraliyada, Çilidə, Çində və Antalyada “Anadolu atəşi”nin biletləri satılır. Bəzi günlər dörd konsert təqdim edirik. Antalyada və İstanbulda həftədə üç gün konsertlər veririk. Egey dənizi turu da davam edir, həmçinin Antalyada bəzi hotellərdə çıxışlar edirik. Bu günə qədər 100-ə yaxın ölkədə “Anadolu atəşi” konsert verib və bu ölkələrin bəzilərində bir neçə dəfə qastrol səfərlərində olmuşuq”.