TÜRKSOY Gənclər Kamera Orkestrinin Balkan ölkələrinə konsert turuna çıxdığı barədə ötən saylarımızda məlumat vermişdik. TÜRKSOY-un yaranmasının 25 illiyinə həsr olunan səfər zamanı kollektiv Kosovo, Monteneqro, Bosniya və Herseqovinada ümumilikdə 6 konsert proqramı təqdim edib.
Türkdilli xalqların gənc ifaçılarının təcrübə mübadiləsi aparması və türk klassik musiqi əsərlərinin dünyada təbliği məqsədilə 2010-cu ildə yaradılan orkestrin Balkan qastrolunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan gənc ifaçılar yer alıb. Orkestri azərbaycanlı dirijor Mustafa Mehmandarov idarə edib.
Konsertlərin proqramı iki hissədən ibarət olub. Birinci hissədə dünya bəstəkarlarının klassik əsərləri, ikinci hissədə türk ölkələrinin tanınmış bəstəkarlarının əsərləri ifa edilib.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda çıxışı zamanı Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar orkestr onun xatirəsinə ehtiram olaraq Qara Qarayevin “Matəm” əsərini konsert proqramına daxil edib.
Əsərin ifasından əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib: “Dəyərli dostum Xəyyam Mirzəzadə türk musiqisinə böyük töhfələr verib, mədəniyyət xəzinəmizə bəxş etdiyi dəyərli əsərlərilə yanaşı, çoxsaylı tələbələr də yetişdirib. Onu vəfatı hamımız üçün çox böyük itkidir”.
Konsertdən sonra fikirlərini bölüşən Mustafa Mehmandarov deyib: “Dünyanın hər yerində türk dünyasını təmsil etməkdən qürur duyuram. Bu qastrol səfəri yalnız konsertlərdən ibarət olmadı. Eyni zamanda müxtəlif ölkələrdən gənc həmkarlarımızla birlikdə çox gözəl günlər keçirdik. Bir-birimizdən sənətin sirlərini öyrəndik”.
Qeyd edək ki, qastrol turu TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.