Azərbaycan

11 avqust 1973 - Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914 - 1973) vəfat edib. “Düşüncələr”, “Bənövşə”, “Günəş, dəniz və insan” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, pyeslərin müəllifidir.

 

12 avqust 1880 - Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.

12 avqust 1921 - Yazıçı Ələviyyə Hənifə qızı Babayeva (1921 - 23.9.2014) anadan olub. “Adamlar və talelər”, “Bəlkə sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri xarici dillərə tərcümə olunub.

12 avqust 1923 - Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.

12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4. 2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.

12 avqust 1943 - Ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. “Azərbaycan” jurnalının baş redaktorudur. Rus dilindən tərcümələr edir.

12 avqust 1954 - Ədəbiyyatşünas, yazıçı-publisist, akademik Rafael Baba oğlu Hüseynov Kürdəmirdə anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Yoxdan var” və s. kitabların müəllifidir. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.

 

13 avqust 1941 - Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, hind rəqs və mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. 50-dən çox ölkədə qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.

13 avqust 1947 -  Xalq artisti, tanınmış rejissor Azərpaşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib. 1990-cı ildən Akademik Dram Teatrında fəaliyyətə başlayıb. 2015-ci ildə teatrın bədii rəhbəri-baş rejissoru, 2016-cı ildə direktoru təyin edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir.

 

14 avqust 1923 - Ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub.

14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. Sözlərinə populyar mahnılar (“Ayrılma məndən”, “Toy olsun, bayram olsun”) bəstələnib.

14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Milli Dram Teatrının aktyorudur. “Kişi sözü”, “Lətifə” və s. filmlərdə çəkilib.

14 avqust 1957 - Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb, Dövlət mükafatına (2010) layiq görülüb.

 

15 avqust 1832 - Görkəmli şairə Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada “Məclisi-üns” ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur.

15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran, Sumqayıt teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Teletamaşalarda, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

16 avqust 1925 - Xalq şairi, dramaturq Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub.

16 avqust 1925 - Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.

16 avqust 1936 – Filosof-alim, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. “Ulduz”, “Azərbaycan” jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. “Qətl günü” romanının (və eyniadlı kinossenarinin), “220 saylı otaq”, “Qalaktika” kitablarının müəllifidir.

 

17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub.

17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Helsinki (1962) dünya tələbə festivalının laureatı, Kann (1968) və Sopot (1969) mahnı müsabiqələrinin qalibi olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib.

17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.

17 avqust 1950 – Xalq artisti Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.

17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. “Yalan”, “Yük” və s. filmlərdə çəkilib.

17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub.

18 avqust 2006 – Prezident İlham Əliyev “Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.

19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası” və “Almaz” filmlərində çəkilib.

19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Q.Qarayev, F.Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

 

20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 - 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Qaytağı”, “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1901 - Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.

20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub. 1946-cı ildən radioda çalışıb.

20 avqust 1932 - Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

20 avqust 1940 – Rəssam, memar, Əməkdar incəsənət xadimi Elturan Vəli oğlu Avalov Bakıda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur.

 

Dünya

11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.

11 avqust 1921 - Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə dünya şöhrəti qazanıb.

 

12 avqust Beynəlxalq gənclər günüdür (International Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.

12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. “Məşhur adamlar”, “Qubernatorun xanımı”, “Şənbə gecəsi”, “Yaxşı məhəbbətin dərsləri” və s. pyeslərin müəllifidir.

 

13 avqust 1899 - Amerika rejissoru, «Oskar» mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

14 avqust 1866 - Rus yazıçısı, şair, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının (“Xristos və Antixrist” trilogiyası və s.) yaradıcısıdır. 1919-cu ildən mühacirətdə yaşayıb.

14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.

 

15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s.

15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.

 

16 avqust 1902 - Rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.

16 avqust 1934 - Fransız aktyoru Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.

16 avqust 1954 - Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.

16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyon) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy” mükafatı qazanıb.

17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001)  Vidiadxar Suracprosad Naypol (1932-2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.

 

17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov (1935 – 12.3.2018) anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edib. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.

17 avqust 1943 - Amerika aktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”,  “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.

 

18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı) və s.

 

19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanlarının müəllifidir.

19 avqust 1909 - Polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

  

20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.

20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

Hazırladı:  Vüqar ORXAN