Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprosad Naypol avqustun 11-də 85 yaşında vəfat edib.

Hind əsilli yazıçı 1932-ci il avqustun 17-də Trinidad və Tobaqo Respublikasının Çaquanas şəhərində anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb, əsərlərini ingilis dilində yazıb.

“Migel küçəsi” adlı ilk kitabı Trinidad və Tobaqonun paytaxt küçələrində baş verən hadisələri əhatə edən hekayələr toplusudur. Yazıçıya şöhrət gətirən əsər jurnalist atasının xatirələri əsasında yazdığı “Cənab Bisvas üçün ev” romanıdır. Əsər müxtəlif dillərə tərcümə edilib. Yazıçı həmçinin “Əldəqayırma”, “Partizanlar” romanlarının müəllifidir. Onun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizəni əks etdirir.

Yazıçı 1971-ci ildə “Azad ölkədə” romanına görə Buker mükafatına, 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

V.S.Naypol 2011-ci ilin oktyabrında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib. Həmin vaxt yazıçıya Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib.