Türkiyə Milli Kitabxanası 1946-cı ildə təşkil edilib və 1948-ci il avqustun 16-da oxucuların ixtiyarına verilib. Bir ildə təxminən 700 min oxucuya xidmət göstərən kitabxananın internet mühitində təqdim olunan kitabxana xidmətlərindən də ildə orta hesabla 800 min insan istifadə edir. Kitabxananın daimi oxucu sayı 110 min nəfərdən çoxdur.

Milli Kitabxana kolleksiyalarında bu ilin iyul ayınadək 1 milyon 410 min çap olunmuş kitab, 28 minə yaxın əlyazma əsəri, 10 milyon 255 min cild dövri nəşr var. Burada Osmanlı dövründə ərəb hərfləri ilə çap olunmuş ilk mətbəə nəşrlərindən kitablarla yanaşı, 1801-ci ildən əvvəlki dövrdə nəşr edilmiş nadir kitablar da mövcuddur.

Həmçinin gözdən əlillərin kitabxananın xidmətlərindən istifadə etməsi məqsədilə onlar üçün müxtəlif kateqoriyalarda səsləndirilmiş beş min kitab fondda saxlanılır. Könüllülərin də dəstəyi ilə ildə orta hesabla 300 yeni səsli kitab arxivə təqdim olunur.