Dünya mediası Qəbələdə başa çatan beynəlxalq festival haqqında
“Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən festivallar arasında ən yaxşılardan biridir”
On il əvvəl klassik repertuarla başlayan festivalın formatı zaman keçdikcə genişləndirilib. Bir həftədən artıq davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən salsa, flamenko, caz və əlbəttə ki, klassik əsərlərdən zövq alıblar.
Bu fikirlər “Еuronews” telekanalında X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında yayılan süjetdə yer alıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Gilan Holdinq”in dəstəyi ilə iyulun 30-dan avqustun 7-dək davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalı bu yayın musiqi təqviminin əsas hadisələrindən biridir. Musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər. Yerli musiqisevərlər və qonaqlar Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın “Big Band” orkestrinin konsertlərini izləmək imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub.
“Еuronews” telekanalındakı süjetdə festivalın başa çatdığı qeyd olunur. Festivalın bədii rəhbərlərindən biri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski telekanala müsahibəsində deyib: “On il əvvəl tamaşaçılar çox müxtəlif idi. Bəziləri Avropadan, o cümlədən Londondan gəlmişdilər. Onlar Kovent-Qardendəki tamaşaların və ya Berlin Filarmoniyasındakı çıxışların həvəskarları idilər. Bu insanlar tamamilə gözlənilmədən ömründə ilk dəfə klassik konsertə gələn, özü də uşaqları ilə gələn adamlarla eyni məkana düşdülər”.
* * *
“Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Bu zaman mən Azərbaycan Respublikasının – Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsinin, İsrailin Avrasiyada strateji tərəfdaşının dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilməsi barədə düşündüm. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib”.
Bu fikirləri isə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.
Festivalın bədii rəhbərlərindən Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılardan biridir”.
Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern qəzetə açıqlamasında Azərbaycandakı tolerantlıq və multikulturalizm atmosferini yüksək qiymətləndirib.
Arye Qut məqaləsində diqqətə çatdırır ki, Azərbaycanın multikulturalizmi Qəbələ festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasının və harmoniyasının əks olunmasında idi ki, bunları yalnız Azərbaycanda tapmaq mümkündür: “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələri genişləndirməkdir. Birincisi, incəsənətin istənilən forması kimi musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən yaradılmış bütün ciddi sərhədləri aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı”.
* * *
Birləşmiş Ərəb Əmirliklərində nəşr olunan “Əl Fəcr” qəzetində də Qəbələdə keçirilmiş beynəlxalq musiqi festivalı barədə geniş məqalə dərc olunub.
Festivalı izləmiş qəzetin baş redaktoru Şərif əl-Bəsilin məqaləsində hər il dünyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan beynəlxalq festival və ona ev sahibliyi edən Qəbələ barədə ətraflı söhbət açılır. Müəllif yazıda festivalın təşkilində, həmçinin Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir. Yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində gördüyü işlərdən, xeyriyyəçilik fəaliyyətindən bəhs olunur.
Festivalda Azərbaycan bəstəkarlarının, həmçinin digər tanınmış musiqiçilərin əsərlərindən, Azərbaycan muğamının incilərinə heyranlığını bölüşən müəllif bu musiqi bayramının on ildir ənənəvi olaraq keçirildiyini bildirir.