Azərbaycan

21 avqust 1930 – Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 - 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib.

21 avqust 1964 – Yazıçı-publisist, şair, Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcid Ağcabədi rayonunda anadan olub. “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibidir.

 

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflisdə doğulub. Milli peşəkar vokal ifaçılığının banisi Bülbülün ömür-gün yoldaşı olub. Sənətkar haqqında kitabların müəllifidir. Bülbülün memorial muzeyinin direktoru işləyib.

  

23 avqust 1922 – Tarixçi alim, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 - 6.11.1969) anadan olub.

23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Filmlərin səsləndirilməsində iştirak edib.

 

23 avqust 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayon mərkəzini – Cəbrayıl və Füzuli şəhərlərini, hər iki rayonun kəndlərinin böyük hissəsini işğal edib.

Cəbrayıl rayonun ərazisi 1050 kv km, işğaldan öncə əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun Cocuq Mərcanlı kəndindən savayı bütün ərazisi işğal altındadır.

Füzuli rayonu (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) 1993-cü ilin payızında bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Arazboyu kəndləri və Horadiz qəsəbəsini düşməndən azad etdi. Hazırda rayon ərazisinin üçdə ikisi işğal altındadır.

 

24 avqust 1896 – Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya mühacirət edib. Detroytda “İslam incəsənəti qalereyası”nda çalışıb, Miçiqan Universitetində dərs deyib, “İslam incəsənəti” jurnalının redaktoru olub. “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabların müəllifidir.

24 avqust 1926 – Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926-1985) anadan olub. Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə” və s. filmlərə musiqi yazıb.

  

25 avqust 1915 – Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.

25 avqust 1926 – Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 – 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: “Dağ çayı”, “Aşıq Qərib”, “Çövkən oyunu”, “Payız bağında” və s.

25 avqust 1931 – Nasir, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931 - 30.5.1990) anadan olub.

25 avqust 1935 – Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Oddan keçənlər” və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar (“Anacan, dostum evlənir”, “Payız gəldi” və s.) bəstələnib.

25 avqust 1942 – Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942 - 26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Karvan gedir” və s.

25 avqust 1945 – Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında (“Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi”) yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.

     

26 avqust 1892 – İctimai-siyasi xadim, jurnalist, publisist Seyid Cəfər Pişəvəri (1892 – 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.

26 avqust 1921 – Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyasının təşkili haqqında dekret verib.

 

27 avqust 1921 – Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar оğlu”, “Məşəl” və s. kitabların müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.

27 avqust 1929 – Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Güllələnmə təxirə salınır!...” və s.

27 avqust 1937 – Ədəbiyyatşünas və folklorşünas alim, yazıçı, tərcüməçi, professor Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. “İraq-türkman folkloru”, “Altı il Dəclə-fərat sahillərində”, “Dilimiz varlığımızdır” və s. kitabların müəllifidir.

27 avqust 1942 – Ərəbşünas alim, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Kufə qrammatika məktəbi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin, tərcümə kitablarının müəllifidir.

 

Dünya

 

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862-1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920-2012) anadan olub. “Mars xronikaları”, “Farenqeytlə 451 dərəcə”, “Fəlakət gəlir” və s. romanların müəllifidir.

  

23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

23 avqust 1880 – Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

 

24 avqust 1899 – Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.

24 avqust 1903 – İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.

24 avqust 1947 – Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. “Kimyagər”, “Zəvvarlıq” və ya “Kahinin gündəliyi”, “Valkiriya”, “Beşinci dağ”, “Qalib tək qalır” və s. romanların müəllifidir.

   

25 avqust 1891 – İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.

25 avqust 1918 – Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.

25 avqust 1930 – Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Kin-dza-dza!” və s.

25 avqust 1930 – Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery) anadan olub. Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. “Toxunulmazlar” (1988) filmində roluna görə “Oskar” mükafatına layiq görülüb.

25 avqust 1938 – İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.

 

26 avqust 1880 – İtalyan-polyak əsilli Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Wąż-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.

26 avqust 1913 – Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.

26 avqust 1914 – Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: “Uduş”, “Sonuncu raund”, “Manuelin kitabı” və s.

 

27 avqust 1770 – Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.

27 avqust 1856 – Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar” (roman), “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən” (şeirlər toplusu).

27 avqust 1871 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.

27 avqust 1896 – Rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman; 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.

Hazırladı:  Vüqar ORXAN