Qısametrajlı filmlər üçün ssenari müsabiqəsinə yekun vuruldu
   
   Aprelin 6-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) təşkilatçılığı ilə keçirilən “Yeni nəfəs” qısametrajlı filmlər üçün ssenari müsabiqəsinin nəticələri elan edildi.
   
   Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, ARKİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev müsabiqəyə 170-dən artıq müəllifin 250-yə yaxın ssenarisinin təqdim edildiyini bildirdi. Müsabiqə şərtlərinə cavab verən 117 müəllifin 139 ssenarisi nəzərdən keçirilib: “Həmin ssenarilər 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi. Obyektivliyi qorumaq üçün münsiflər heyətinin kimliyini gizli saxladıq, həmçinin bütün ssenarilər ad və soyad olmadan kodlaşdırıldı”.
   Münsiflər heyətinin üzvü, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə gənclər tərəfindən müsabiqəyə təqdim olunmuş ssenariləri yüksək qiymətləndirdi, bu sahədə istedadlı gənclərin olduğunu diqqətə çatdırdı.
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova isə istedadlı gənclərə göstərilən qayğıdan söhbət açdı. Qeyd etdi ki, ittifaq bir müddət əvvəl gənclərin ssenari yazmaq istiqamətində peşəkarlığını artırmaq üçün kurslar təşkil etməyi planlaşdırırdı: “Öncə müsabiqənin keçirilməsini vacib hesab etdik. Artıq bu sahədəki real vəziyyəti bilirik. Yaxın vaxtlarda kursların təşkilini reallaşdıracağıq”.
   Sonra qaliblərin mükafatlandırılma mərasimi başlandı. İlk olaraq müsabiqədə ən yüksək bal yığmış 7 ssenari müəllifinə diplomlar təqdim edildi. Daha sonra 3 qalibin adları açıqlandı.
   Bildirildi ki, münsiflərin qərarı ilə “İkinci güllə” ssenarisinin müəllifi Natiq Rəsulov birinci, “Qanadlar” ssenarisinin müəllifi Fərid Nadirov ikinci, “Mekopolis” ssenarisinin müəllifləri Gülər Qasımova, İmaməddin Həsənov, Ələkbər Əliyev və İsmayıl Məmmədov isə üçüncü yerə layiq görülüb.
   Qaliblərə diplomlar və pul mükafatları təqdim edildi. Baş mükafata layiq görülən ssenariyə gəldikdə, “İkinci güllə” toy adətlərimizi canlandıran sosial dramdır. Müəllif bildirdi ki, bu mövzu onu çoxdan düşündürürdü: “Sonda yazmaq qərarına gəldim, müsabiqəyə qatıldım və sevinirəm ki, qalib adını qazandım”.
   
   Reyhan 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar