Mədəniyyətimizin MDB məkanında təbliği layihəsi

Mərkəzi ofisi Minsk şəhərində yerləşən MDB üzrə Beynəlxalq ədəbiyyat və publisistika humanitar portalı “Azərbaycan: klassiklər və müasirlər” adlı yeni layihəyə start verib. Layihənin müəllifi Azərbaycan yazıçısı Kamran Nəzirli bildirib ki, məqsəd Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin yaradıcılığını MDB məkanında yaymaq və təbliğ etməkdir.

Layihə Azərbaycanın məşhur yaradıcı ailələri ilə bağlıdır. İnternet layihənin ilk səhifəsi böyük şair Səməd Vurğun və onun oğulları haqqındadır.

K.Nəzirli qeyd edir ki, tarixən formalaşan belə unikal ailələr dünya mədəniyyətinə onlarca alim, rəssam, musiqiçi, şair və nasir bağışlayıblar. Azərbaycanda da belə nümunələr çoxdur. Həsən bəy Zərdabi və onun həyat yoldaşı, Müslüm Maqomayev və onun nəvəsi, Üzeyir Hacıbəyli və qardaşları, Qara Qarayev və qardaşı, Fikrət Əmirov, atası və oğlu, Cəlil Məmmədquluzadə və həyat yoldaşı, Mir Cəlal Paşayev, oğulları və nəvələri, Mirzə İbrahimov və onun qızları, Rəsul Rza, həyat yoldaşı, oğlu və nəvəsi...

İlk məqalədə Səməd Vurğunun, Yusif və Vaqif Səmədoğlu qardaşlarının həyat və yaradıcılığı barədə oxuculara geniş məlumat verilir, Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri və Vaqif Səmədoğlu yaradıcılığından nümunələr təqdim edilir.

K.Nəzirli bildirib ki, Azərbaycanın klassik və müasir ədəbiyyatından nümunələri həm rus, həm də Belarus dilində təqdim etməyə çalışacağıq. Amma bu, bir nəfərin işi deyil, tərcümə ilə bağlı çətinliklər var, materialların əksəriyyəti Azərbaycan dilindədir.