Yerusəlim simfonik orkestri Qəbələ Beynəlxalq Musiqi Festivalında ikinci dəfə çıxış edib. İsrailli dirijor Dmitri Yablonski və SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin bədii rəhbəri olduğu bu festival Azərbaycanda klassik musiqi ilə bağlı ən mühüm hadisələrdən biridir.
Festival Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhərində son on ildə hər il yüksək səviyyədə keçirilən gözəl musiqi bayramıdır.
İsrailli xanım jurnalist İris Qorlet bu fikirləri İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Tolerant müsəlman ölkəsində Yerusəlim sədaları” sərlövhəli məqaləsində yazır.
Orkestrin baş direktoru Yair Ştern deyib: “Yerusəlim simfonik orkestri bu tədbir çərçivəsində dörd konsert verdi. Azərbaycan auditoriyası bizim simfonik orkestrin çıxışını böyük maraqla qarşıladı. Xüsusən gənclər bizim orkestrin məharətini diqqətlə müşahidə edirdilər”.
İsrailli jurnalist qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan ilə İsrail arasında çox gözəl münasibətlər olması musiqi festivalında da təsdiqləndi. Azərbaycanda yəhudi icmaları qədimdən yaşayır. Azərbaycanlılarla yəhudilər arasında tarixən səmimi münasibətlər formalaşıb.
Jurnalistin sözlərinə görə, müasir Azərbaycanın şimalında yerləşən Quba rayonundakı Qırmızı Qəsəbə Azərbaycanda yəhudilərin unikal məskəni kimi bütün dünyada məşhurdur. Azərbaycan dağ yəhudiləri icması burada yaşayır.
İris Qorlet məqaləsinin sonunda yazır: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalarası və mədəniyyətlərarası dialoq nümunəsidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasını təşkil edir. Azərbaycanın indiki rəhbərliyi daim vurğulayır ki, bu ölkədə bərqərar olmuş dini dözümlülük və plüralizm, xüsusən yəhudilər ilə müsəlmanlar arasında münasibətlər bütün dünya üçün örnək ola bilər”.