Avqustun 28-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Vaqif Mustafayevin 65 yaşı tamam oldu.
Vaqif Mustafayev Azərbaycan rejissor sənətinə yeni və fərqli bir üslub gətirən, kinematoqrafiyamızda orijinal filmləri ilə fərqlənən sənətkardır. Onun filmə verdiyi quruluşdan tutmuş, ssenarisində, ekran həllində və ən əsası isə kino dilində bu fərqlilik dərhal nəzərə çarpır.
AZƏRTAC-ın müxbiri yubiley ərəfəsində tanınmış rejissorla görüşərək onunla birgə ötən illərə nəzər salıb.
Kinosevərlər onu ilk dəfə 1985-ci ildə yazıçı Mövlud Süleymanlının ssenarisi əsasında mərhum rejissor Ceyhun Mirzəyev ilə birgə ekranlaşdırdıqları “Bəyin oğurlanması” filmi ilə tanıdı. Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunu yenicə bitirib Bakıya qayıdan Vaqif Mustafayev bu filmdə təkcə rejissorluq etmir, həm də təqdim edilən ssenarini dəyişərək yenidən yazır: “Mənə bu təklif gələndə əvvəlcə etiraz etdim. Çünki ssenarini oxumuşdum və bəyənməmişdim. Əslində “Bəyin oğurlanması” filminin ilk ssenarisi dramatik film-opera idi. Mənə ssenarini istədiyim kimi dəyişmək təklif olundu. Azərbaycan kinosunun bu gün də ən reytinqli filmlərindən olan “Bəyin oğurlanması”nın ssenarisini 10 gün ərzində yenidən yazdım və filmi çəkdik”.
Görkəmli rejissorun çəkdiyi filmlər içərisində “Yaramaz” xüsusilə seçilir. Bu film ona beynəlxalq kino aləmində böyük şöhrət gətirdi: “Əsas problem filmin qəhrəmanı rolunda çəkiləcək aktyoru tapmaq idi. Mərhum aktyor Səməndər Rzayevə bu rolda çəkilməyi təklif etdim. O vaxtlar aktyor artıq xəstə idi və onun bu rola çəkilməsi baş tutmadı. Sonra aktyor Elçin Məmmədov barədə düşündüm. O da infarkt keçirdiyi üçün çəkilə bilmədi. Bəzi sınaqlardan sonra nəhayət, gürcü aktyoru Mamuka Kikaleyşvilini tapdım. “Yaramaz” çox uğurlu oldu və bir çox ölkələri gəzdi, ingilis, fransız, rus, qazax, Çin və digər dillərdə təqdim edildi”.
Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülən “Yaramaz” filmi dünyanın aparıcı festivallarında da təqdim olundu. Karlovı-Varı film festivalında “Çaplinin qızıl əsası”, Neapolda keçirilən Sorrento beynəlxalq festivalında “Vittorio De Sica” adına qızıl mükafatı aldı.
Rejissorun yaradıcılığında sənədli filmlərin öz yeri var. V.Mustafayev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 12 film çəkib. “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat”, “Dövlət” və “Ata yolu” filmləri sənədli kinomuzun ən böyük uğurlarındandır: “Mənim yaradıcılığımda əsas yeri ulu öndər Heydər Əliyev haqqında çəkdiyim sənədli filmlər tutur. 1993-cü ildə ulu öndər hakimiyyətə gələndən sonra mən onu müşahidə etdikcə, tarixi yadıma saldıqca görürdüm ki, Heydər Əliyev yazılmamış romanların, çəkilməmiş filmlərin qəhrəmanıdır. Elə sənədli kino janrına da ulu öndərə görə addım atdım və dörd film çəkdim. Bu filmlərdən sonra biz Heydər Əliyevlə görüşdük. Bu filmlər onun xoşuna gəlmişdi”.
Vaqif Mustafayevin ulu öndərdən bəhs edən silsilə sənədli filmləri müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. “Əsl məhəbbət haqqında” ekran əsəri Moskvada keçirilən IV Avrasiya Teleforumunun əsas və xüsusi mükafatlarını, “Bir həsədin tarixi” V Avrasiya Teleforumunun Qran-prisini qazanıb.
Yubiley ərəfəsində bütün yaradıcılığına bir yekun kimi nəzər saldığını vurğulayan rejissor kinoda hələ deyiləcək çox sözünün olduğunu deyir: “Bəyin oğurlanması” filmində bir məqam var: jurnalistin rejissordan müsahibə aldığı epizod. Jurnalist soruşur ki, siz yenidən doğulsaydınız yenə rejissor olardınız? Rejissor isə cavab verir ki, yox! Sizinlə söhbət edə-edə mən də fikirləşirəm ki, bu ənənəvi suala necə cavab verərdim?! Düşünürəm ki, bəli, yenidən doğulsam, yenə rejissor olardım. Çünki bu günədək mənim yaradıcılığım dövlət tərəfindən daim yüksək qiymətləndirilib”.
Sənətkar bu günlərdə mükafatlarının sırasına bir mükafatın da əlavə olunduğunu, Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edildiyini böyük fəxrlə qeyd edərək dövlətimizin başçısına təşəkkürünü bildirib.
Tanınmış kinorejissoru 65 illiyi münasibətilə təbrik edir, sevdiyi sənətində ona yeni uğurlar arzulayırıq.