Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində 25-26 avqust tarixində maraqlı konsert proqramları təqdim olunub.
Muğam-caz konserti
Şənbə günü musiqisevərlər muğam-caz konsertini izləyiblər.
Xalq artistləri – xanəndələr Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, əməkdar artistlər – xanəndələr Qoçaq Əsgərov, Səbuhi İbayev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, tarzən Sahib Paşazadə, pianoçu Emil Əfrasiyab, gənc muğam ifaçısı Rəvanə Qurbanova və digər ifaçılar tamaşaçılara muğamlar, “Leyli və Məcnun” operasından duet, muğam-caz kompozisiyaları təqdim ediblər.
Sonda konsertdə iştirak edən incəsənət ustalarının ifasında “Bura Azərbaycandır” mahnısı səslənib.
“Ulduzlar bir arada”
Bazar günü isə Heydər Əliyev Mərkəzinin parkında tanınmış estrada ifaçılarının iştirakı ilə “Ulduzlar bir arada” adlı möhtəşəm konsert keçirilib.
Konsertdə populyar ifaçılar Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.
Konsertdə müasir Azərbaycan estradasının məşhur hitləri səsləndirilib. Proqram həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.
Bir-birindən coşqun ifaları izləyən paytaxt sakinləri və qonaqlar incəsənət ustaları ilə birlikdə rəqs ediblər. Bir çoxları bu gözəl anları öz telefonunun yaddaşına köçürməyi də unutmayıb.
“Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşadıb.