Nəsrin Ünal: “Tarixi keçmişi bu günümüzə daşıyırıq. İstəyirik ki, bu tarixi gənclər də öyrənsin”

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yeni qurulan sovet rejimindən narazı soydaşlarımızın bir qisminin üz tutduğu ölkə qardaş Türkiyə olub. Mühacirlərin böyük hissəsi Türkiyənin müxtəlif şəhərlərində özlərinə məkan qurmaqla yanaşı, həm də müstəqil Azərbaycan uğrunda mücadiləni davam etdirib, ölkəmizin mədəniyyətini, ənənələrini yaşadıb, sonrakı nəsillərə ötürməyi bacarıblar. Təbii ki, bu proseslər o qədər də asan olmayıb.

Belə nəsillərin davamçılarından biri də Nəsrin Ünaldır. O, iyirmi ildən çoxdur ki, Ankarada əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Kültür Dərnəyinin qadınlar qoluna (təşkilatına) rəhbərlik edir. Nəsrin xanımla söhbətimizdə mövzu ilə bağlı maraqlı məqamlara toxunduq.

 

- Nəsrin xanım, Ankarada yaşadığım müddətdə Azərbaycan Kültür Dərnəyi qadınlar təşkilatının keçirdiyi bir çox tədbirlərə qatılmışam. Bu tədbirlərdə Azərbaycan mahnılarına, rəqslərinə böyük maraq göstərildiyinə şahid olmuşam. Ona görə də istər-istəməz ortaya belə bir sual çıxır: Azərbaycan incəsənətinin peşəkar şəkildə qorunmasına, yaşadılmasına necə nail olmusunuz?

- Bu suala ətraflı cavab vermək üçün əvvəlcə Qarsdan başlayaq. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, eləcə də erməni soyqırımları nəticəsində Qafqazdan mühacirət edənlərin çox önəmli bir bölümü Qarsa gəlmişdi. Gələnlərin arasında mənim iki babam da var idi ki, ikisi də Gəncə əsillidir. Ata babam Qafar Rəfibəyli tanınmış Rəfibəylilər nəslindəndir. Onlar da burda “Əskəran” soyadını alıblar. Bunun səbəbi var. Babam Türkiyəyə gələrkən Qarabağda, Əskəran keçidində silahlı basqına uğrayır. O keçidin bir körpüsü onu ölümdən xilas edir və orda deyir ki, bu torpaq mənim həyatımı qurtardı. Bir gün bir ad alsam “Əskəran” adını alacam. Ona görə də bura gələn Rəfibəylilərin bir qismi bu adı almışlar.

Anamın atası Səttar Güldür də Gəncədəndir. Türkiyəyə gələn mühacirlərin önəmli bölümünün Qarsda yerləşməsinin səbəbi İran üzərindən gəlmələri idi. Bir də təkrar geri dönmə ümidləri olduğu üçün düşünürdülər ki, vətənə ən yaxın yerdə olsunlar. Amma sovet dönəmində bu, mümkün olmadı.

Babam uzun illər Qarsda yaşamalı olmuşdu. Anam-atam da Qarsda doğulmuşdu. Mən gözümü babamın sənətə olan sevdasına açdım. Səttar Güldür Qarsda “artist” ləqəbi ilə tanınırdı. Babam Qarsda Azərbaycan opera və operettalarını səhnəyə qoyan adam kimi tanınır. O, insanlara gülümsəmə, xoşbəxtlik duyğuları bəxş etdiyinə görə, yaxın çevrəsinin seçimi ilə “Güldür” soyadını almışdı. “Arşın mal alan”, “Məşədi İbad”, “Leyli və Məcnun” kimi bir çox əsərləri Qarsda tamaşaya qoymuş və yaxın dostları ilə birlikdə Ankara, İstanbul, Ərzurum, Trabzona turnelər düzənləmişdi. Bununla yanaşı rəqs qrupları da yaratmışdılar. Anam Gülçöhrə Əskəran 40 ilə yaxın Qarsda Xalq evləri, Türk ocaqları və Xalq təhsili binalarında Azərbaycan xalq rəqslərini öyrədən, qruplar yetişdirən insan olub. Azərbaycan xalq rəqslərinin həm Qarsda, həm də Türkiyənin fərqli yerlərinə yayılmasına çalışıb. Bütün bunlar Azərbaycan türklüyü ilə Anadolu türklüyü arasında sevgi körpüsünün qurulmasında böyük rol oynamışdı. Mən də bu ənənəni davam etdirdim. Azərbaycan teatr və rəqslərinin içərisində böyüdüm. Ankaraya gəldikdən sonra M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyində vəzifə aldım və 20 ilə yaxındır ki, dərnəyin qadın təşkilatının rəhbəriyəm.

 

- Tanınmış nəslin üzdə olan təmsilçisi olmağın bir məsuliyyəti var, deyilmi?

- O ailəyə mənsub olmaqdan qürur duyuram. Bu məsuliyyəti atam, anam necə daşımışsa, mən də, qızım da elə daşıyırıq. Ümid edirəm ki, bundan sonrakı nəsillər də daşıyacaq. Rəfibəylilərin önəmli hissəsi Gəncədədir. Gedib-gəlir, onlarla görüşürəm. Anar çox sevdiyim yazıçıdır. Ana və atası ilə bağlı yazdığı əsəri duyğu ilə oxudum. Hələ 1967-ci ildə Nigar Rəfibəyli və Rəsul Rzanı görmək üçün Qarsdan İstanbula gəlmişdik. Onlarla görüşəndə düşündük ki, bütün həsrətlilər bir araya gəldilər. Təbii ki, Rəfibəylilərin təmsilçisi olmaq ayrı bir qürurdur. Eyni zamanda Azərbaycan Kültür Dərnəyinin üzvü olmaq mənim üçün böyük şərəfdir. Mən Azərbaycan həsrəti çəkən baba və nənə ilə böyüdüm. Gözlərindəki həsrəti hər zaman xatırlayıram. Bakı radiosunu dinləyən, ağlayan ailə ortamında boya-başa çatdım. Üzərimdə böyük duyğu yükü, sevgi var. Azərbaycan Kültür Dərnəyi olmasa, bu duyğuları fərdi yaşaya bilərdim. Amma bu duyğuları bu ocaqdakı dostlarla paylaşıram. Bütün bunları edərkən yanımda duran dostlarımın da eyni hisləri keçirdiklərini görürəm. Biz anamın rəqs qrupunda 20 il rəqslərimizi ifa etmişik. Anam Gülçöhrə Əskəran Azərbaycan Kültür Dərnəyinin Qarsda, sonra Bursada təşkilatın qurucu rəhbəri olaraq da fəaliyyət göstərib. Bacım Handan Əskəran hazırda Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəridir. Qızım Reyhan Ünal Çinar isə dərnəyimizin rəqs müəlliməsidir. Nəsil olaraq Azərbaycan mədəniyyətinin, incəsənətinin, ənənələrinin yaşadılması üçün əlimizdən gələni edirik.

 

- Azərbaycan Kültür Dərnəyi qurulduğu vaxt qadınlar qolu olmayıb. Bu təşəbbüs sonradan gerçəkləşib...

- Əslində, dərnək qadın-kişi ayrı-seçkiliyi etmədən qurulub. Dərnəyin rəhbərlərindən Həmid Ataman Azərbaycan Cümhuriyyətinin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrdən biri olub. Onun xanımı Şəfiqə Atamanla yanaşı digərlərinin xanımları da dərnəkdə yer alıblar. Hər zaman qadın üzvlərimiz olub. Sonralar isə idarə heyətində qadınlar da yer almağa başladı. Amma qadınların varlığı dərnək üçün çox önəmli olub. Əgər tarixə nəzər salsaq, XX əsrin əvvəllərində Azərbaycanda qadın hərəkatı meydana gəlmiş, getdikcə aktivləşmiş və Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə qadınlara seçmə, seçilmə haqqını vermişdi. Biz də dərnəyin qadınlar qolunu bu hərəkatın ənənəsi üzərində qurduq. Azərbaycan Kültür Dərnəyinin dərgisinin Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş xüsusi buraxılışında da mövzu ilə bağlı ətraflı məqalə yazdım. O dönəmdə Azərbaycanda ortaya çıxan bu qadın hərəkatının cəmiyyət üçün böyük önəmi olub. Qadınlar maarifçi həyat yoldaşları ilə birlikdə çalışaraq Azərbaycanda xeyriyyə işlərinə, Azərbaycan mədəniyyətinin zənginləşməsinə böyük faydalar veriblər. Biz bu gün onlardan örnək alırıq. M.Ə.Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyərkən qadın-kişi ayrı-seçkiliyi etmədi. Dərnəyin qurucusu olaraq həyat yoldaşı Leyla xanımla ənənəni burda da davam etdirdi. Qadınlar qolunun rəhbəri Aybükə Karaca olmaqla bir çox qadın üzvlərimiz bu günə qədər faydalı işlər yürütməkdədirlər.

 

- Dərnəyin rəqs qrupunda Azərbaycan rəqsləri öyrədilir. Bu rəqslər həm də milli geyimlərlə ifa olunur. Bu fəaliyyətlərinizlə bağlı bir az ətraflı danışa bilərsinizmi?

- Azərbaycan Kültür Dərnəyi qurulduğu gündən etibarən sənət və mədəniyyətlə də məşğul olub. 70 ilə yaxın dövrdə çoxlu rəqs qrupları yetişib. Bu sahədə çox əmək sərf edən rəqs müəllimlərimiz var. Azərbaycanda Qarabağ müharibəsi başlanan dövrdə bu fəaliyyətlərimizə ara verdik. 2011-ci ildə üzv qadınlarımızla yenidən fəaliyyətə başladıq. 8 ildir ki, 40-50 nəfərdən ibarət sənət qrupumuz mövcuddur. Bu qrupun içində musiqiçilər, rəqqaslar, xor var. Qruplar həm böyüklərdən, həm də uşaqlardan ibarətdir. Bizə kənardan dəstək olan sənətkarlar da var. Əslən Azərbaycan türkü Şenol Talınlı və Esin Talınlı qruplara sənət rejissorluğu edirlər.  Bu sırada Abdulla Qurbani, Arzu Qurbani, Cavid Təbrizli, adlarını xatırlamadığım bir çox dostlara təşəkkürlərimi bildirirəm. Rəqsləri öyrədən müəllimlərimiz var: Reyhan Ünal Çinar, Tekin Aladağ, Ufuk Cengizel. Rəqs üçün milli geyimlər dərnəkdə təşkil edilən tikiş atelyesində qadın üzvlərimizin əməyi ilə hazırlanır.

 

- Gənclərin rəqslərə marağı yəqin ki, rəqs öyrənmək üçün sizə edilən müraciətlərin sayı ilə ölçülür. Hazırda rəqslərimizə maraq necədir?

- Maraq böyükdür. Sevindiyimiz bir məqam var: Güney Azərbaycandan və Quzey Azərbaycandan Ankaraya oxumağa gələn tələbələr xüsusilə maraq göstərirlər. Anadolu türkləri də rəqslərimizə laqeyd deyillər. Bununla həm də gənclər arasında körpü qururuq. Güneylə Quzey rəqs qrupunda bir araya gəlir, Anadolu gəncləri ilə Azərbaycan gəncləri də bu rəqs qrupunda görüşür.

Ümumiyyətlə, Türkiyədə Azərbaycan incəsənətinə, rəqslərinə isti münasibət var. Biz tədbirlərimizi əsasən 700-1000 nəfərlik salonlarda keçiririk. Həm Türkiyənin, həm də Azərbaycanın tarixi günlərini, Novruz bayramını qeyd edirik. Yəni gəncliyin maraq göstərdiyi və Türk dünyasına aid əlamətdar günlər bizim fəaliyyətimizdə yer tutur və biz bütün bunları həyata keçirməkdən zövq alırıq.

 

- Ötən il həm də “Türk dünyası qadın yazıçıları” layihəsi çərçivəsində Krımın yazıçı qadınları ilə maraqlı tədbir keçirdiniz. Səhv etmirəmsə, bu layihənin ilkini Qarabağın yazıçı qadınları ilə bağlı keçirmişdiniz...

- Doğrudur, layihənin birincisini 2015-ci ildə Qarabağın qadın yazarlarına həsr etmişdik. Azərbaycandan ədəbiyyatçılar, sənətçilər, muğam qrupu gəldi. Azərbaycanın Əməkdar artisti Sənubər İsgəndərli “Natəvan” tamaşasından bir parça oynadı. Şeirlər oxundu. 2017-ci ildə isə ikinci belə layihəmiz Krımın yazıçı qadınlarına həsr edildi. Bu tədbirimiz də uğurlu oldu. Beləliklə, biz Türk dünyasının yazıçı qadınları ilə əlaqə qurur, tarixi keçmişi də bu günümüzə daşıyırıq. İstəyirik ki, bu tarixi gənclər də öyrənsin. Növbəti belə layihəmiz çərçivəsində Kərkük türkləri və uyğur türklərinin qadın yazarlarını gündəmə gətirmək istəyirik. Planımızda Balkan ölkələri də var. 5-6 belə tədbir keçirdikdən sonra Türk dünyası qadın yazıçılarının əsərlərinin toplusunu çıxarmaq niyyətindəyik. Bu külliyyat bütün türk cümhuriyyətlərinin kitabxanalarına veriləcək.

Mehparə SULTANOVA
Ankara