Qədim yurd yerimizin işğalından 25 il ötdü...
Avqustun 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlı rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Qarabağ müharibəsi veteranları, Qubadlı ziyalıları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycanda müstəqilliyin ilk illərində siyasi hakimiyyətin yol verdiyi ciddi səhvlər nəticəsində respublikada yaranmış xaos, ordu quruculuğunun ləngidilməsi Qubadlının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. Təcavüzkar Ermənistanın hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu ələ keçiriblər. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir.
Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Bu qətiyyətin nəticəsidir ki, 2016-cı ilin aprelində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, uzun illərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış bərpa olunub. Xalqımız inanır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar.
Diqqətə çatdırılıb ki, hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə həssaslıqla yanaşır, onlara hər zaman diqqət göstərir.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov çıxışında Qubadlı uğrunda gedən döyüşlərdən bəhs edib.
Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə vətənsizliyin acısını çəkdiyini bildirərək deyib: “Biz işğal edilmiş ərazilərimizin yanğısını hər zaman ürəyimizdə, beynimizdə, ruhumuzda daşımalıyıq. Hamımız bir olmalıyıq ki, Cocuq Mərcanlıya gedən yolun davamı gəlsin. Allah bizə yeni zəfərlər qismət eləsin...”.
Tədbirin sonunda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.