Antalya Böyükşəhər Bələdiyyəsi sentyabrın 1-dən 9-dək keçiriləcək 19-cu Beynəlxalq piano festivalının tanıtım mərasimini təşkil edib. Mərasimdə bələdiyyə  başqanı Menderes Türel, festivalın bədii rəhbəri Gürer Aykal, festivalın baş koordinatoru Dilavər Tanık, Antalya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri İbrahim Sezer iştirak ediblər.

Bələdiyyə başqanı qeyd edib ki, ənənəvi piano festivalı artıq Antalyanı tanıdan rəmzlərdən birinə çevrilib. Onun sözlərinə görə, festivalda gənclərin və uşaqların iştirakına xüsusi önəm verilir: “Çünki mədəniyyət, sənətlə maraqlanan uşaq və gənclər dünyanın təhlükələrindən uzaq olur. Gənclər böyük sənətçiləri yaxından eşidib görüncə həm onlardan örnək alırlar, həm də onların uğurlarını təkrarlamağa cəhd edirlər”.

Festival günlərində 285 yerli və əcnəbi musiqiçi tamaşaçıların qarşısında çıxış edəcək.

Festivalın açılış günü İspaniyanı təmsil edən flamenko sənətçisi Laura De Los  Anxelesin konserti olacaq. Bu konsert vokal, piano və rəqsi öz ifasında birləşdirən sənətçinin Türkiyədə ilk çıxışıdır. 

İştirakçılar üçün ən həyəcanlı çıxış sentyabrın 4-də olacaq. Həmin axşam Beynəlxalq Antalya Piano Festivalı Akademiyasının keçənilki “Gənc istedadlar” yarışmasının qalibləri AKM Aspendos salonunda konsert verəcəklər. Qaliblər Gürer Aykalın dirijorluğu və Antalya Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Ertəsi gün isə gənc pianoçu Kənan Tatlıcı solo konsert verəcək.   

Festival günlərində dünyanın tanınmış ifaçıları, salsa janrının ustadı İvan Melon Lüisin, bəstəkar-pianoçu Fahir Atakoğlunun da çıxış edəcəyi gözlənilir.   

Musiqi bayramının bağlanışı da maraqlı konsert proqramı ilə yadda qalacaq. Sentyabrın 9-da sufi musiqisinin sədalarını, caz ünsürlərini və ərəb lirizmini öz ifasında birləşdirən tunisli entik caz ifaçısı Cafer Yosefin konserti baş tutacaq.

Festival günlərində həmçinin Gülçin Anılın “Ritmik çiçəklər” rəsm sərgisi iştirakçılar və qonaqlar üçün açıq olacaq.

Gülcahan MİRMƏMMƏD