“Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda ilk təqdimatı olub
Ankarada türk dünyasının iki böyük sənət adamı – Nazim Hikmət və Arif Məlikovun yaradıcılığının dünya mədəni irsinə bəxş etdiyi sənət incisi olan “Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda ilk təqdimatı keçirilib.
Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 85 illik yubileyi çərçivəsində səhnəyə qoyulan əsər böyük uğur qazanıb. Məşhur Bilkənd Odeon konsert salonunda xüsusi ajiotaj yaradan təqdimatı Türkiyənin müxtəlif bölgələrindən 4 minə yaxın sənətsevər izləyib.
Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesi üzrə yazılmış libretto əsasında Arif Məlikovun 1960-cı ildə yazdığı balet Ankarada “Fərhad və Şirin” adı ilə yeni və orijinal quruluşda ilk dəfə təqdim edilib.
Tamaşanın başlaması ilə Arif Məlikov musiqisinin ecazkar təsiri salonu bürüyüb.
Azərbaycanlı dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi altında Bilkənd simfonik orkestrinin uğurlu ifası Türkiyənin tanınmış balet ustaları Özge Başaran, Eren Keleş və Mine İzginin çıxışı ilə birlikdə tamaşaçıları Fərhadla Şirinin əfsanəyə qovuşan məhəbbətinin əsirinə çevirib.
Azərbaycanlı tamaşaçıların da yaxşı tanıdıqları məşhur aktyorlar Aslı Tandoğan və Mert Fıratın pyesi səsləndirməsi isə layihəni uğurlu bir yenilik kimi təqdim edib. Tamaşa Nazim Hikmətin pyesdə qabartdığı “bir insana olan sevginin, insanlığa, insanların xeyrinə olan sevgi ilə mübarizə yox, vəhdət təşkil etməsi” fikrini, bu mövzunun günümüzdəki aktuallığını bir daha nümayiş etdirib.
Ankara səhnəsindəki möhtəşəm tamaşa Türkiyə sənətsevərləri tərəfindən əsl mədəniyyət bayramı kimi qəbul edilib.
Zəngin mədəniyyətimizi qardaş ölkədə bir daha uğurla nümayiş etdirən bu layihə Arif Məlikovun 85 illik yubileyinə dəyərli töhfə olub.