Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Filarmoniyadan bildirilib ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Məşhur bəstəkar, dirijor, pedaqoq Murad Kajlayev 1931-ci ildə Bakıda doğulub boya-başa çatıb, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) ali təhsil alıb. Sonralar Mahaçkalaya köçüb. Musiqidən dərs deyib, Dağıstan Radiosu simfonik orkestrinin baş dirijoru, Dağıstan Filarmoniyasının bədii rəhbəri olub, özünün yaratdığı “Qunib” ansamblına rəhbərlik edib.

Sonra Moskvaya dəvət olunub, 1989-cu ildən 2007-ci ilədək  Mərkəzi (Rusiya) Televiziya və Radiosunun akademik orkestrinə rəhbərlik edib. Ömrünün ahıl çağında ana vətəni Dağıstana qayıdıb. Bu yaşında belə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edir. 

Maestro 2014-cü ildə gəncliyinin şəhərində - Bakıda məşhur yaponiyalı pianoçu Çisato Kusunokiylə birgə konsert proqramı ilə çıxış etmişdi.