“Faciəvilik insanın əzəmi iztirabı, yaxud əzəmətli insanın həlakı deməkdir”
    Yuri Borev

   
   Dramatik rollar ustası, poetik ruhunun, kamil düşüncəsinin, mənəvi zənginliyinin ahəngindən yaratdığı rollara öz əzəmətindən, qismətindən pay verən görkəmli sənətkar, Xalq artisti Kamal Xudaverdiyevin 75 illik yubileyi tamam olur. Ekran və səhnə personajlarının hər birinə böyük məsuliyyətlə yanaşan, ömrünə yazılmış illərini yaradıcılığında qram-qram əridən aktyorun bənzərsiz, unudulmaz sənətini artıq 5 ildir ki, onsuz seyr edirik.
   
   Milli mədəniyyətimizin inkişafında xüsusi xidməti olan Kamal Xudaverdiyevin sənət dünyası hər birimiz üçün dəyərlidir. Kamal müəllimin səhnə yaraşığı verən xarici görünüşü, şax qaməti, əzəməti, daxili məğrurluğunu ifadə edən bariton səsi teatr və kino sənəti üçün bir tapıntı, örnək timsallı şəxsiyyəti isə ətrafındakılara nümunə idi. Onun səhnəni lərzəyə salan, tamaşaçını diqqətlə dinləməyə vadar edən, böyük şövq və coşqu dolu möhtəşəm yaradıcılığı orijinallığına görə seçilir, personajları həmsöhbətimizə çevrilirdi. Kamal müəllim tamaşaçısı ilə gülməyi, dərdləşməyi, həmfikir olmağı, səhnədə onlarla canlı ünsiyyət qurmağı bacarırdı.
   Sənətdə və həyatda müsbət cəhətlərinə görə hörmət qazanan Kamal Xudaverdiyevin ziyalı, ağayana cəhətləri sələflərindən gəlirdi. Babası Hacı Məmmədhəsən bəy vaxtilə Bakıda neft mədənlərinin sahibi idi. Kamal müəllimin doğulub boya-başa çatdığı, hazırda isə 10 ailənin yaşadığı bina onun ata-baba mülkü olub. Bakıda sovet hakimiyyəti qurulandan sonra onların da var-dövlətlərini əllərindən alırlar. Atasına isə 13 kvadratmetrlik mənzil verirlər. 1938-ci il mayın 3-də o mənzildə Kamal anadan olur. Övladının sevincini doyunca yaşamayan atası Ağahüseyn kişi bir il sonra dünyasını dəyişir, körpənin üç yaşı olanda müharibə başlayır. Onsuz da güzəranı ağır olan ailənin ildən-ilə dərdi artır, qəminə qəm calanırdı. Kamal böyüdükcə qayğıları da onunla böyüyür, uşaqlığını, gəncliyini əlindən alan maneələr çoxalırdı.
   İstəklərini heç cürə gerçəkləşdirə, həyat sevincini dada bilməyən yeniyetmə gəncin daxilində bir üsyan, bir hayqırtı var idi. O, sönük, boz dünyasına rəng qatmağa, həyatın əlində aciz qalmamağa çalışırdı. Buna görə də hələ məktəbdə oxuya-oxuya işləyir, ailəni dolandırmaqda anasına kömək edirdi. Bir müddət qazanc əldə etmək üçün Qazaxıstana işləməyə gedir. Qayıdanda zavodda çilingər işləyir.
   Əmək fəaliyyətinə erkən yaşlarından başlayan gənc artıq həyatın sərt və amansız üzünü dəfələrlə görmüş, bununla belə həyata və insanlara olan sevgisini qorumağa, məğrur şəxsiyyətini məişət problemləri qarşısında cılızlaşdırmamağa çalışırdı.
   Boy-buxununa, yaraşığına, mərdliyinə görə çoxlarının həsəd apardığı poetik ruhlu gənc doğma yurdunu, Bakını çox sevərdi. Onun bu şəhərdə dərdinə sığal çəkəcək bir Xəzəri, xəyallarını gerçəkləşdirəcək bir teatrı vardı. Həyatın girdabına kiçik yaşlarından atılan Kamal artıq səhərləri işdə, axşamları evin bir küncündə qəzet oxumaqla keçirə bilməzdi. Həyat fəlsəfəsini səhnədə açacağına, pisliklərə hayqıracağına əmin olan istedadlı gənc 1961-ci ildən taleyini bütünlüklə səhnəyə bağlayır. Bir çox həmkarları kimi bu sənət məbədini özünə ikinci ev, ocaq seçir. Sənədlərini Teatr İnstitutunun aktyorluq fakültəsinə verib görkəmli teatr rejissoru, kino aktyoru Adil İsgəndərovun kursuna daxil olur. İnstitutda görkəmli sənət ustalarından Mehdi Məmmədovdan, Rza Təhmasibdən sənətin incəliklərini öyrənir.
   1965-ci ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ilə Milli Dram Teatrının truppasına qəbul edilir. Teatrın səhnəsində ilk dəfə Sabit Rəhmanın “Yalan” əsərində Fərman obrazını yaradır. Sonralar “Kəndçi qızı” tamaşasında Aslan, “Almaz”da İbad, “Yollara iz düşür”də Loğman, “Söz yarası”nda Lətif və başqa maraqlı rolları ilə geniş tamaşaçı rəğbəti qazanır. Kamal Xudaverdiyevin bəxti onda gətirir ki, o, dram teatrının səhnəsində görkəmli sənət ustalarından İsmayıl Osmanlı, Möhsün Sənani, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli və başqa müqtədir sənətkarlarla tərəf-müqabil olur, onlarla çiyin-çiyinə çalışır. Geniş yaradıcılıq diapazonuna görə teatra tamaşaçı axını yaradan ciddi xarakterlər ustasına çox vaxt dramatik, lirik-psixoloji, faciəvi baş rollar həvalə olunurdu.
   Peşəkar aktyor Dram Teatrının səhnəsində “Şah Edip”də Şah Edip, “Sokratı anma gecəsi”ndə Çingiz xan, “Kral Lir”də Kral Lir, “Mesenat”da Murtuza Muxtarov və başqa qəliz xarakterli, zəngin mənəviyyatlı, dünyagörüşlü personajları oynayıb. Bundan əlavə, 10-dan artıq televiziya tamaşasında bənzərsiz, koloritli obrazlar yaradıb. “Atayevlər ailəsi” televiziya tamaşasında yaratdığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə Mahal kişi və başqa rollarının təfsirində azərbaycançılıq mövqeyini dəqiq çatdırıb, ictimai eybəcərlikləri ifşa edən insan xarakterlərini, amalını yüksək səviyyədə təbliğ edib.
   Kinoda ilk dəfə görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “İstintaq davam edir” macəra filmində (1966) polkovnik Çingizov rolunu oynayıb. Yazıçı Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin motivləri əsasında çəkilən bu filmdə Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən danışılır. Filmin çəkilişlərinə başlayanda rejissor Ə.Atakişiyev həmin illərdə kinostudiyada direktor vəzifəsində çalışan A.İsgəndərova xaricdən aktyor dəvət etmək istədiyini bildirib. Milli kadrların yetişməsinə və istehsal edilən filmlərdə əsasən baş və ikinci planlı rollarda azərbaycanlı aktyorların çəkilməsinə daim şərait yaradan A.İsgəndərov teatrda böyük nailiyyətlər qazanan Kamalı həmin rola təklif edir.
   Kinoda ilk böyük rolu olmasına baxmayaraq, Kamal müəllim polkovnik Çingizovun həyat mövqeyini, iş prinsipini dəqiq çatdırır, filmin ideya-məzmunu tamamlayan ifası ilə ekran əsərinə uğur qazandırır. İstedadlı aktyor 16 filmdə irili-xırdalı rol yaradıb, 10 filmi amiranə və koloritli səsi ilə səsləndirib, 1 “Mozalan” satirik kinojurnalında çəkilib.
   Onun “Nəsimi” filmində yaratdığı Yusif, “Dağlarda döyüş”də baş leytenant, “Dədə Qorqud”da Bəybecan, “Ən vacib müsahibə”də Həsənov, “Otel otağı”nda Erol bəy, “Vulkana doğru” filmində Usta Əli və başqa rolları milli kinomuzun sevilən, unudulmayan personajlarıdır.
   Azərbaycan dublyaj sənətinə uğur gətirən səs sahiblərindən biri idi Kamal Xudaverdiyev. Onun səs artikulyasiyası dublyaj sənətinin vacibliyini, monumentallığını təsdiqləyir. Maraqlıdır ki, digər aktyorlardan fərqli olaraq Kamal müəllimin dublyaj fəaliyyəti çəkildiyi filmlərdən azdır. “Birisigün gecəyarısı” filmində Pçelintsev, “De ki, sevirsən məni” filmində sürücü, “Gözlə məni”də Kanuryov, “Qanlı zəmi”də Tunc Vəli, “Od içində vahə”də İlyaşeviç və başqa personajlar ifaçılarla yanaşı, Kamal Xudaverdiyevin səsinin xüsusi rəng çalarları ilə sevilən, unudulmayan obrazlardır.
   Kamal Xudaverdiyev dram aktyoru olsa da, “Tətil” mozalan satirik kinojurnalında oynadığı Tofiq Qasanoviç rolu ilə komik rolların öhdəsindən də məharətlə gələ bildiyini göstərir. Təəssüflər olsun ki, onun yaradıcılıq kredosu yalnız dramatik rolların təfsirində təsdiqlənib.
   Kamil aktyorluq fəaliyyətinə və sənətdə göstərdiyi xidmətlərə görə Kamal Xudaverdiyev 1982-ci ildə respublikanın Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
   Müharibənin, eləcə də müharibədən sonrakı yoxsulluq illərinin təəssüratı Kamal Xudaverdiyevin həyatında dərin, kədərli bir iz buraxmışdı. Həyatda və sənətdə kamillik mücəssəməsi olan aktyor çox vaxt xəyala dalar, məşqlərdə və tamaşadan sonra da qayğılı görünərdi. Tənəzzülə, böhrana nifrət edən istedadlı sənətkar həmişə tərəqqiyə, inkişafa can atardı.
   Həyatını bütünlüklə sevdiyi sənətinə bağlayan Kamal müəllim eyni zamanda gözəl ailə başçısı idi. Həyatından artıq sevdiyi Validə xanımla 1974-cü ildə (36 yaşında) ailə qurur. Ömrünün sonuna kimi də Validə xanıma mehriban ər, Ağahüseyn və Rövşənə isə qayğıkeş ata olur.
   İnsanlara sevgisinə görə ətrafındakılar ona hörmətlə yanaşırdı, yaxınları, doğmaları və həmkarları bu gün də onu təvazökar, xeyirxah, qürurlu bir insan kimi xatırlayırlar. Peşəkar yaradıcılığı ilə könüllərə yol tapan sevimli sənətkar ürək çatışmazlığından əziyyət çəkirdi. Moskvada əməliyyat olunanda belə səhnəsi və tələbələri üçün darıxır, yaradıcılıq eşqi ilə yaşayırdı. Xalq qəhrəmanı, polkovnik, çekist rollarının mahir ifaçısı olan Kamal müəllim ahıl yaşlarında da maraqlı ata və baba rollarını yarada bilərdi. Lakin sevimli aktyorun yaradıcılıqla dolu qəlbi 2008-ci il aprelin 23-də dayandı. Keçdiyi mənəvi, gözəl yaradıcılıq yoluna, ibrətamiz şəxsiyyətinə görə isə unudulmayıb və yaddaşlarda yaşayır.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar