Sentyabrın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində (Primorsk Opera və Balet Teatrı, Vladivostok şəhəri) “Simurq quşu” adlı klassik və müasir xoreoqrafiya gecəsi keçiriləcək.

Tədbirin ikinci hissəsində İqor Stravinskinin “Simurq quşu” əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də onun redaktəsində və quruluşunda təqdim olunacaq.

E.Əliyev Bakıda doğulub. Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Mariinsk Teatrının Primorsk səhnəsi fəaliyyətə başlayandan sonra 2016-cı ildə bu sənət ocağının baş baletmeysteri təyin edilib.