Beynəlxalq olimpiadada ölkəmiz 24-cü dəfə təmsil olunur
Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçirilir. Builki zəka yarışında 85 ölkədən şagirdlər, o cümlədən Azərbaycan məktəbliləri iştirak edir.
Olimpiadanın açılış mərasimi yapon “anime” mədəniyyəti ilə texnologiyanın birləşməsini əks etdirən süni zəka olimpiada simalarının əyləncəli təqdimatı ilə başlanıb.
Yarışın ilk günündə komandalara informatika ilə bağlı suallar təqdim olunub və bu sualları cavablandırmaq üçün onlara beş saat vaxt verilib. İlk pillədə ABŞ-ı təmsil edən Benjamin QI qərarlaşıb. İlkin göstəricilərə əsasən, Azərbaycanı təmsil edən Abutalıb Namazov minimum bürünc medalı qazandıracaq mərhələni keçməyə çox yaxın nəticə əldə edib. Beynəlxalq İnformatika Olimpiadasının həlledici yarışı sentyabrın 5-də keçiriləcək. Olimpiada sentyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, ölkəmiz bu olimpiadada 24-cü dəfə təmsil olunur. 2019-cu ildə isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək.