Avropa İttifaqı ölkələrində yay-qış vaxtına keçid ləğv oluna bilər. Avropa İttifaqının nəqliyyat üzrə komissarı Violeta Bulk bu barədə məlumatı sosial şəbəkədəki profilində paylaşıb. Bundan öncə isə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker saat dəyişikliyindən imtina edilməsi tələbi ilə çıxış edib.

Qış vaxtına keçidin ləğv olunması ideyasının kökündə Aİ ölkələrində aparılan sorğunun nəticələri dayanır. 4,6 milyon avropalının iştirak etdiyi sorğuda böyük əksəriyyət (84%) vaxt keçidinin ləğv olunmasına tərəfdar çıxıb. Jan-Klod Yunker bildirib ki, əgər insanlar bunu tələb edirlərsə, o zaman bu tələb icra edilməlidir. Növbəti hüquqi addım kimi məsələyə Avropa Parlamenti tərəfindən müsbət qərar verilməli, eyni zamanda üzv dövlətlər saat keçidinin ləğv edilməsinə razılıq bildirməlidir.

Qeyd edək ki, ötən əsrdə enerji səmərəliliyini və günəş işığından effektiv istifadəni təmin etmək məqsədilə yay-qış vaxtlarına keçid dünyanın bir çox ölkəsində tətbiq olunmağa başlayıb. Lakin müasir dövrdə vaxtı bir saat irəli və ya geri çəkməklə, həqiqətən də, enerjiyə qənaət olunması ətrafında mübahisələr gedir.

Hazırda Avropada üç saat qurşağı (Şərqi Avropa vaxtı, Mərkəzi Avropa vaxtı və Qərbi Avropa vaxtı) mövcuddur və 2002-ci ildə bütün Avropa ərazisində yay-qış vaxtına keçid vahid formaya salınıb.

Azərbaycan, eləcə də qonşu İran, Türkiyə, Gürcüstan, Rusiya bir neçə il öncə qış-yay vaxtına keçid praktikasından imtina ediblər.