200 yaşlı muzeydə 20 milyondan çox eksponat saxlanılırdı
Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi yanaraq məhv olub.
Ölkənin ən qədim muzeyində yanğın sentyabrın 2-də axşam saatlarında başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb.
Yanğının səbəbləri hələlik dəqiq məlum olmasa da, ölkənin mədəniyyət naziri bunu uzun illər mühafizə və təhlükəsizlik sahəsində davam edən səhlənkarlığın nəticəsi kimi dəyərləndirib.
“İki yüz illik işlər, tədqiqatlar və biliklər itirildi”, - Braziliya Prezidenti Mişel Temer özünün “Twitter” səhifəsində belə yazıb.
Qeyd edək ki, 1818-ci ildə Portuqaliya kralı VI Juan tərəfindən əsası qoyulan Braziliya Milli Muzeyində 20 milyondan çox eksponat saxlanılırdı. Muzeyin ekspozisiyasına Şimali və Cənubi Amerikanın heyvan, mineral, daşlaşmış qalıqlar, mumiya və hindu əşyalarından ibarət ən iri kolleksiyalarından biri daxil idi.
Yanğın nəticəsində heç kim xəsarət almayıb.