İldə 620 min təyyarə və 72 milyon sərnişinə xidmət
Çinin paytaxtı Pekində dünyanın ən böyük aeroportu inşa edilir. Şəhərin mərkəzindən 50 kilometr cənubda yerləşən yeni hava limanında tikinti-quraşdırma işlərinin gələn ilin iyununda başa çatması nəzərdə tutulub.
Pekində üçüncü hava limanı olacaq Dasin aeroportundan həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. Hava limanının sərnişin ötürmə gücü 2025-ci ildə 72 milyon nəfərə, yük ötürmə gücü isə 2 milyon tona çatacaq. Ümumi sahəsi 1 milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu xidməti də olacaq. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq.
Qeyd edək ki, hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi “Nanyuan” hava limanı və sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-dakı Atlanta hava limanından sonra ikinci olan “Pekin Paytaxt” beynəlxalq aeroportu fəaliyyət göstərir. Cari ilin birinci yarısında 49,38 milyon sərnişin “Pekin Paytaxt” aeroportundan istifadə edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,91 faiz çoxdur. Çin hökuməti sərnişin axınının çoxalmasını nəzərə alaraq “Pekin Paytaxt” hava limanının yükünü azaltmaq məqsədilə bir neçə il əvvəl paytaxtın Dasin rayonunda yeni aeroportun inşasına qərar verib.