Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI zirvə görüşündə dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli ikinci müddətə bu qurumun rəhbəri təyin olunub.

Sammitdə ötən dörd il ərzində akademiyanın gördüyü işlər vurğulanıb. Qeyd olunub ki, qısa müddətdə türk dünyasının tarixini əhatə edən səmərəli elmi-praktiki konfranslar təşkil edilib, arxeoloji qazıntılar aparılıb. Türk Şurasına üzv dövlətlərin orta məktəblərində tədris olunacaq “Ortaq türk tarixi” dərsliyi, “Atalar mirası” layihələri, beynəlxalq simpoziumlar, forumlar, çoxlu sayda elmi əsərin işıq üzü görməsi akademiyanın türk dünyasına bəxş etdiyi töhfələrdəndir. TWESCO hazırda “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası” dərslikləri üzərində işləri davam etdirir.

Akademiya son iki ildə Azərbaycanla bağlı layihələr də həyata keçirib. Parisdə, UNESCO-nun mənzil qərargahında təşkil olunan beynəlxalq forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Astanada qazax dilində çapdan çıxan “Elinə yol açmış” kitabının təqdimatı keçirilib. Astanada III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumunun bir paneli Xalq Cümhuriyyətinin yubileyinə həsr edilib.

Beynəlxalq Türk Akademiyası 2009-cu ildə yaradılıb.

G.MİRMƏMMƏD