Qırğızıstanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə fəaliyyətindən bəhs olunub
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də Qırğızıstanın Çolpon-Ata şəhərində III Dünya Köçəri Oyunları başlanıb. Sentyabrın 3-də bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VI zirvə görüşü keçirilib. Bir gün öncə isə paytaxt Bişkekdə Türk Şurası Xarici İşlər Nazirləri Şurasının toplantısı olub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva III Dünya Köçəri Oyunlarının açılış mərasiminə qatılıb, həmçinin Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının görüşündə çıxış edib.
Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq arenada təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O, türkdilli xalqların qədim şifahi və yazılı ədəbiyyat nümunələri, adət-ənənələri, möhtəşəm memarlıq abidələrinin mühafizəsinin önəmini diqqətə çatdırıb, yenicə fəaliyyətə başlamış Fondun bu istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi tədbir, konfrans, simpozium, sərgilərdən bəhs edib.
Vurğulanıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qısa zaman ərzində türk dünyası mədəniyyəti, zəngin tarixi, milli-mənəvi dəyərləri əhatə edən müxtəlif layihələrə imza atıb. Həyata keçirilən bir sıra layihələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının imzaladığı bəyannamədə öz əksini tapıb.
Fondun türk dünyasına xas maddi irsin mühafizəsinə xüsusi diqqət ayırdığını, məhvolma təhlükəsi ilə qarşılaşan tarixi abidələrin siyahısının hazırlanmasına başladığını vurğulayan G.Əfəndiyeva, həmçinin nümunə olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında tarixi və mədəniyyət abidələrinə vurulan zərər haqqında həyata keçirilən tədqiqat işlərindən bəhs edib.
G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bina ayrıldığına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib və binanın açılışının gələn il Bakıda təşkil ediləcək Türk Şurasının VII sammiti çərçivəsində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətilə bağlı sənədlər imzalanıb.
Gülcahan MİRMƏMMƏD