Mayın 22-də Beynəlxalq Mətbuat Mərkəzində milli qəhrəmanların həyatı və döyüş yoluna həsr olunmuş “Alınmaz qalanın qəhrəmanları” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Film Milli Məclisin deputatı Sevinc Hüseynovanın təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi tərəfindən çəkilib.
Millət vəkili yeni ekran əsərinin mövzusu barədə məlumat verərək bildirib ki, film böyük tarixə malik Gədəbəy torpağının dörd igid övladı - Azərbaycanın Milli qəhrəmanları Məzahir Rüstəmov, Aytəkin Məmmədov, İlham Alıyev və İsgəndər Aznaurov haqqındadır.
Filmdə Gədəbəy rayonunun işğalçı Ermənistan ilə sərhəd ərazilərində gedən döyüşlərdən, qəhrəmanların göstərdikləri igidliklərdən bəhs edilir. Bədii-sənədli ekran əsərinin quruluşçu rejissoru Elnur Əliyev, ssenari müəllifi Kamran Qasımovdur.