Özbəkistan Prezidenti Şövkat Mirziyoyev ölkənin mədəniyyət və incəsənət sahəsində innovativ inkişaf tədbirlərinin görülməsinə dair sərəncam imzalayıb. Sənəddə təsdiq edilmiş “yol xəritəsi”nə əsasən, Özbəkistanda mühüm mədəniyyət və incəsənət obyektlərinin 3D turları hazırlanacaq.
Sənəddə Mədəniyyət, Xarici İşlər və digər nazirliklərə bu cür obyektlər üzrə virtual turların hazırlanmasından ötrü “Google Cultural Institute “ şirkəti ilə birgə çalışmaq tapşırılıb.
Yaxın zamanlarda Özbəkistan muzeyləri, teatr və digər mədəniyyət ocaqları haqqında zəruri informasiyanın toplandığı sayt işə salınacaq. Saytda həmçinin bütün obyektlərin marşrutlarını göstərən interaktiv xidmət, elektron bilet satışı da nəzərdə tutulub.
Məlumat üçün deyək ki, “Google Cultural Institute” platforması bütün dünyadan minlərlə muzey, mədəniyyət qurumları və arxivlər haqqında məlumatları özündə birləşdirir.
GÜLCAHAN