Sentyabrda bir qrup xarici kino şirkətinin nümayəndəsi müştərək filmlərin çəkilişi ilə bağlı müzakirə aparmaq üçün Bakıya gələcək
   
   Xəbər verdiyimiz kimi, Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçirilir. Mayın 15-də başlanan kino bayramı çərçivəsində Kannın məşhur Kruazet xiyabanındakı festival şəhərciyində Azərbaycan pavilyonu da açılıb.
   
   Festivalda Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, "Azanfilm"in direktoru Fariz Əhmədov, kinorejissor Ayaz Salayev və digər şəxslərin daxil olduğu nümayəndə heyəti iştirak edib. Pavilyonumuzu ziyarət edən qonaqlara filmlərimizin əks olunduğu videoçarxlar, ölkəmizin turizm imkanları haqqına bukletlər, reklam açıqcaları təqdim olunub. Nümayəndə heyətinin üzvləri müxtəlif ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparıblar.
   Artıq Bakıya qayıdan "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov səfər təəssüratlarını bizimlə bölüşdü. Müsahibimiz festival günlərində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirdiyini bildirdi: “Festivala getməzdən əvvəl artıq 30-a yaxın şirkətlə danışıqlar aparmışdıq. Orada keçirdiyimiz görüşlərdə çəkilən filmlərin Avropada yayımlanması, hazır vəziyyətdə olan filmlərin reproduksiyası barədə müzakirələrimiz oldu. Bununla yanaşı, “Azərbaycanfilm” kinostudiyasının qurulmasında qabaqcıl şirkətlərin təcrübəsindən yararlanmaq və onlarla yaradıcılıq əlaqəsi kimi məsələlər barədə də fikir mübadiləsi apardıq”.
   Müzakirələrin səmərəli keçdiyini vurğulayan Müşfiq Hətəmov 2014-cü ilin Azərbaycan kinosunda müştərək filmlərin çəkilməsi üçün əlamətdar il olacağını dedi: “Müştərək layihələr barədə ilkin razılaşmalar var. Maraqlarımız üst-üstə düşsə, bir neçə şirkətlə işləyəcəyik. Bu da təbii ki, özünü Azərbaycan kinosunun inkişafında göstərəcək”.
   Kinostudiyanın direktoru danışıqlar aparılan şirkətlərlə hələlik müqavilə imzalamadıqlarından onların adlarını çəkmək istəmədi. Onun sözlərinə görə, sentyabr ayında 10-dək xarici şirkətin nümayəndəsi Azərbaycana gələcək: “Müştərək çəkiləcək filmlərin mövzuları bizim kinorejissorlarla müzakirə olunduqdan sonra seçim ediləcək”.
   Müsahibimiz qeyd etdi ki, Türkiyə ilə birgə çəkilən “Mahmud və Məryəm” filmi Azərbaycan üçün böyük uğurdur: “Bu filmdən sonra əcnəbi tərəfdaşlar bizim bu sahədə ciddi və peşəkar olduğumuzu gördülər. Ölkə Prezidentinin, Heydər Əliyev Fondunun film istehsalına verdiyi dəstək əcnəbi tərəfdaşlarımızda əməkdaşlığa maraq yaratdı”.
   Müşfiq Hətəmovun sözlərinə görə, gələn il artıq Azərbaycanın Kann festivalı ilə bağlı yeni hazırlıq planı olacaq və bu da növbəti illərdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək: “Bizim yaradıcı potensialımız zəif deyil. Sadəcə, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır. Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş kino haqqında Dövlət Proqramı nəzərdə tutulan bütün layihələri həyata keçirməyə imkan verir”.
   
   Nigar İxtiyarqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar