Tatarıstanın S.Amutbayev adına Minzələ Tatar Dövlət Dram Teatrı bu mövsümdə “Kiçik şəhərlərin teatrları” layihəsinə dörd tamaşa təqdim etmək niyyətindədir. Tatarıstan Teatr Xadimləri İttifaqının saytının verdiyi xəbərə görə, həmin tamaşalardan ikisinin məşqlərinə başlanılıb.
Başqırdıstandan dəvət edilmiş rejissor Zinnur Süleymanov teatrda N.V.Qoqolun “Müfəttiş” komediyasına quruluş verir. Tamaşanın rəssamı “Qızıl maska” milli teatr mükafatının sahibi Albert Nesterov, bəstəkarı Rişat Sagitov, baletmeysteri Çulpan Askarovadır. Digər bir rejissor Baatr Kolayev isə K.Tinçurinin “Sönmüş ulduzlar” musiqili dramı üzərində çalışmağa başlayıb.
Bu səhnə əsərlərilə yanaşı, kollektiv çağdaş dramaturji materiala da müraciət edib. Belə ki, dramaturq Mixail Başkirov məxsusi olaraq Minzələ teatrı üçün “Soyuq qınlar” adlı epik pritça qələmə alıb. Əsər ilk dəfə tanınmış rejissor, “Qızıl maska” mükafatçısı Sergey Potapovun quruluşunda səhnəyə çıxacaq.
Dəvətli sənətçi, Volqoqrad Kukla Teatrının baş rejissoru Viktor Kolyadiç isə Minzələdə parket kuklalar ilə “Bahadur” nağıl-tamaşasını hazırlayacaq.
Xatırladaq ki, ötən teatr mövsümündə Minzələ teatrında Saxa-Yakutiya Respublikasının Əməkdar incəsənət xadimi Sergey Potapovun hazırladığı Hüseyn Cavidin “İblis” dramı bir neçə teatr festivalında uğurla iştirak edib.
G.MİRMƏMMƏD