Babək Şirinsifət: “Ekran işini payızda təqdim edəcəyik, qiyməti də tamaşaçı verəcək”
   
   Bu gün Azərbaycanın əksər televiziya kanallarında yerli seriallar nümayiş olunur. Onların bədii səviyyəsi, auditoriyası və s. nüanslar barədə müxtəlif müzakirələr, diskussiyalar aparılır. Təfərrüata varmadan yalnız bir məqamı qeyd etmək istərdik ki, milli seriallarla bağlı yaşanan canlanma özlüyündə diqqətəlayiq tendensiyadır və ümid etmək istərdik ki, bu proses tədricən çoxsaylı tamaşaçı kütləsi toplayan ekran işlərinin ortaya çıxmasına zəmin olacaq.
   
   “Kaspi Global” şirkəti də milli teleməkanda geniş auditoriyaya xitab edən serial nümunəsi ortaya qoymaq fikrindədir. Xəbər verdiyimiz kimi, artıq bir neçə aydır, şirkət tanınmış iranlı rejissor, əslən Cənubi Azərbaycandan olan soydaşımız Babək Şirinsifətin quruluşunda istedadlı yazıçı-dramaturq İlqar Fəhminin ssenarisi əsasında “Çaqqal nəfəsi” adlı serial çəkir. Babək Şirinsifət Azərbaycan tamaşaçısına ötən ilin sentyabrında Nizami Kino Mərkəzində nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən tanışdır. “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” prodüser mərkəzinin birgə istehsalı olan film Qarabağ müharibəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il əvvəl rejissorun çəkdiyi “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınıb.
   Babək Şirinsifətlə çəkilişlərarası fasilədə görüşməli olduq. Növbəti çəkilişlər Bakının Novxanı kəndində aparılırdı və rejissor vaxt tapıb suallarımızı cavablandırdı. 24 ildir kino sahəsində çalışan rejissor bir çox beynəlxalq film festivalların laureatıdır. Azərbaycanda üzərində işlədiyi serialla bağlı bunları bildirdi: “Kaspi Global”ın rəhbəri Şamxal Həsənli müştərək iş görməyimizi təklif etdi. Mənə bir neçə ssenari təqdim edildi və onların sırasından “Çaqqal nəfəsi”ni seçdim. Onu da deyim ki, Azərbaycanla neçə illərdir, yaradıcılıq əlaqələrimin olduğuna baxmayaraq, serial sahəsində bu mənim ilk işimdir. Süjet xətti iki qadının taleyini əks etdirir. Ekran əsərinin qəhrəmanları qadın koloniyasında cəzalarını çəkib çıxdıqdan sonra öz həyatlarını yenidən qurmaq uğrunda mübarizəyə başlayırlar. Kriminal janrlı psixoloji dramdır. 6 ay ərzində 24 seriyanı çəkməyə müvəffəq olduq. Yaxın vaxtlarda çəkilişlərə yekun vurulacaq. Bu, böyük bir layihədir. Serialda 80-dən artıq məkan, 35 əsas obraz və 7-8 baş qəhrəman yer alıb. Çəkilişlərə ümumilikdə 160-dan çox aktyor cəlb olunub”.
   Rejissor ekran işinin məziyyətləri barədə bəri başdan fikir söyləmək istəmədi: “Çalışdıq ki, ssenarinin potensialına uyğun film istehsal edək. Etiraf edim ki, ssenari güclüdür və əsl sənət nümayiş etdirməyi tələb edir. Aktyor seçimi də çətin oldu. Düşünürəm ki, serial Azərbaycanda fərqli bir iş olacaq. Biz nə Türkiyə, nə də digər ölkə standartlarını nəzərə almışıq. Görüntü və keyfiyyət baxımından çalışmışıq ki, İran və türk seriallarından geri qalmayaq. Bunu tam serial da adlandırmaq düzgün olmaz, çünki daha çox filmə yaxındır. Əməkdar artist Qurban İsmayılov, Ayşad Məmmədov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər tanınmış aktyorların rol aldığı yeni layihə, inanıram ki, baxımlı olacaq. İnşallah, ekran işini payızda təqdim edəcəyik, qiyməti də tamaşaçı verəcək. Mənim üçün bu işdə maraqlı olan bir cəhəti də qeyd etmək istərdim. Adətən nadir hallarda filmlərdə baş qəhrəmanlar qadınlar olurlar. Bizim serialın baş qəhrəmanları qadınlardır. Özü də bir yox, iki qadın. Dediyim kimi, ssenari də fərqlidir. Buna görə çalışdıq ki, filmimiz də, aktyor işimiz də fərqli olsun”.
   Qeyd edək ki, “Çaqqal nəfəsi” serialının operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, montaj edəni Mehdi Pərizad, səs operatoru Qafur Şirinsifətdir.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar