Beynəlxalq muğam sənəti forumunda təmsilçilərimiz ev sahibləri ilə birinci yeri bölüşüblər

Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti forumu başa çatıb. Dünyanın 73 ölkəsindən rəsmi qonaqlar, musiqiçi-xanəndələr, sənətşünas alimlər, muğam sənətinin tədqiqatçılarının iştirak etdiyi tədbirə mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılıb.

Sentyabrın 6-dan 10-dək davam edən forum çərçivəsində muğam müsabiqəsi də keçirilib. Müsabiqədə 29 ölkədən ifaçılar çıxış edib.

Müsabiqənin baş mükafatı (Qran-pri) Tacikistan Muğam Akademiyasına verilib.

Əməkdar artist, bu il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” ansamblının üzvləri –  Əməkdar artist Nigar Şabanova və xanəndə Abgül Mirzəliyev müsabiqədə birinci yerə layiq görülüblər. Digər birinci yeri isə Özbəkistanın “Sakil” ansamblı tutub. İkinci yeri İran və Hindistan musiqiçiləri, üçüncü yeri Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri bölüşüblər.

“Muğam” ansamblının rəhbəri Sahib Paşazadə bildirib ki, müsabiqə proqramında Nigar Şabanova “Heyratı” zərb muğamı və “Şahnaz” muğamını, Abgül Mirzəliyev isə “Simayi-şəms” və “Mahur” muğamlarını ifa edib. Xanəndələri “Muğam” ansamblının üzvləri tarda Kamal Nuriyev, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Çinarə Heydərova və nağarada Emin Cəbrayılov müşayiət edib. Xanəndələrimizin və musiqiçilərimizin ifası alqışlarla qarşılanıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, mükafat fondu 10 min ABŞ dolları olan I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib.

Təmsilçilərimizin əldə etdiyi bu qalibiyyət mədəniyyətimizin, milli musiqimizin, muğam sənətimizin mühüm nailiyyətidir.

Forum çərçivəsində “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib. Konfransa 20 ölkənin musiqisünas alimləri qatılıb.

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynovanın “Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyevin isə “Şərq muğam sistemində temperasiya məsələləri” mövzularındakı məruzələri maraqla dinlənilib. Lalə Hüseynova forumdakı çıxışında bildirib ki, son illər ölkəmizdə dövlət səviyyəsində muğam sənətinə böyük dəyər verilir. Ölkəmizdə muğam sənəti hazırda görkəmli və istedadlı gənc xanəndələrimiz tərəfindən yaşadılır.

Forumun mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini söyləyən F.Baxşəliyev deyib ki, belə tədbirlər vasitəsilə bir daha dünyaya öz musiqimizi təqdim edə bilirik.

Qeyd edək ki, Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub. UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir.

Xatırladaq ki, muğam sənəti UNESCO-nun sənət xəzinəsində xüsusi yer tutur. Azərbaycan muğam sənəti, özbək-tacik şaşmakomu, uyğur muğamı təşkilat tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Forum günlərində muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların nümayişi və satışı keçirilib.

Lalə AZƏRİ