Biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk.

Bu sözlər Prezident İlham Əliyevin yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasına ünvanladığı təbrik müraciətində yer alıb.

Müraciətdə qeyd olunur ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb.

Müstəqil Azərbaycan dövləti bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir. Müasir demokratik prinsiplərə uyğun olaraq ölkədə insan haqlarının təminatı, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir: “Yüz illərdir Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, demokratik dövlət quruculuğu prosesinə öz layiqli töhfələrini verirlər”.

Dövlət başçısı yeniliyin, mənəvi saflığın, xoş müjdələrin və həmrəyliyin təcəssümü olan Roş-Ha-Şana bayramı münasibətilə ölkəmizin yəhudi icmasına ən xoş arzularını çatdırıb.