Bu günlərdə başa çatmış ənənəvi “Kinoşok” (Anapa, Rusiya) festivalında Qırğızıstanı təmsil edən dörd film altı mükafat qazanıb.

SSRİ dağıldıqdan sonra keçmiş sovet respublikaları kinematoqrafçılarını bir araya gətirən “Kinoşok”un tammetrajlı film müsabiqəsində Qran-pri və  “Ən yaxşı ssenariyə görə” mükafatlarını Taalaybek Kulmendeyevin “Munabiyə” filmi qazanıb. Ötən il istehsal olunmuş “Munabiyə” filmi görkəmli qırğız yazıçısı Kazat Akmatovun eyniadlı əsəri əsasında ekranlaşdırılıb. XX əsrin 70-ci illərində öz müəllifinə şöhrət qazandırmış novellanın baş qəhrəmanı ömrünə xeyli sınaqdan keçmək düşmüş gözəl və müdrik qadındır. Filmin ssenarisini novellanın müəllifi və quruluşçu rejissor birlikdə qələmə alıblar. 

Eyni müsabiqə proqramında iştirak edən Temir Birnazarovun “Gecə baş verən qəza” (2017) filmi “Ən yaxşı operator işinə görə” (operator Kabılcan Hamidov) və “Ən yaxşı musiqiyə görə” (bəstəkar Asılbek Ozubekov) nominasiyalarında qalib gəlib.

Gənc rejissor Askar Nurakun oğlunun çəkdiyi “Kinoman” isə qısametrajlı bədii film müsabiqəsində xüsusi mükafata layiq görülüb.

Sənədli filmlər müsabiqəsində rejissor Toktobek Usenovun lentə aldığı “Qadın üçün ağır yük” filmi “Kəskin sosial mövzunun cəsarətlə işıqlandırılmasına görə” xüsusi diplomu ilə qiymətləndirilib. Filmdə miqrant taleyi yaşayan qadınların ağır güzəranından bəhs olunur.

G.MİRMƏMMƏD