Özbəkistan Gənclər Teatrının, ESSENCE (Nyu-York) və Akko Beynəlxalq Teatr Festivalının birgə beynəlxalq layihəsi belə adlanır. İsrailli müəllif Didi Talın eyniadlı hekayəsi əsasında hazırlanmış tamaşaya hazırda ABŞ-da yaşayıb işləyən tanınmış özbək rejissoru Nabi Abduraxmonov quruluş verib.
Ötən həftəsonu premyerası baş tutan “Vox in deserto” tamaşasından öncə səhnəyə çıxan Nabi Abduraxmonov layihəni dəstəklədiyinə görə İsrailin Özbəkistandakı səfirliyinə minnətdarlıq edib. İsrail səfiri Eddi Şapira isə iki ölkənin mədəni əməkdaşlığının daha da möhkəmlənəcəyinə ümid bəslədiyini bildirib.
Tamaşa keçmişdə məşhur aktyor olmuş iki tənha qaçqının başqa ölkənin yad şəhərindəki güzəranından danışır. Onların yeganə sərvəti yerli teatrın qarşısındakı küçədə tamaşaçılar üçün oynamağa cəhd göstərdikləri Kral Lir və Təlxək rollarıdır.
Quruluşçu rejissorun iradəsi ilə Uilyam Şekspirin dahiyanə faciəsinin və müasir dünyanın əsas mövzusu – milyonlarla qaçqın problemi balaca, hətta absurd küçə səhnəsinə sığışdırılıb. Beləliklə, tamaşaçıların gözləri qarşısında adamlarla dolu şəhərdə yaranmış situasiya imdad harayı kimi səslənir. Çünki hər iki aktyor nə qədər istedadlı olsa da, onları kimsə nə görür, nə eşidir, nə də onları qarşıda yaxşı nəsə gözləyir...
Tamaşada üç aktyor məşğuldur. Amma onlar öz çıxışlarına güclü emosiya qataraq, yaratdıqları obrazların vəziyyətini şəxsən yaşayırmış kimi çatdırmağa müvəffəq olublar.
Gənc yazıçı Didi Tal kiçik hekayəsində müasir dövrün böyük probleminə insan qəlbini riqqətə gətirəcək dərəcədə toxunmağı bacarıb, təcrübəli rejissor isə hekayənin alt qatındakı hisləri öz səhnə yozumunda qabarda bilib.
Gülcahan MİRMƏMMƏD