İtaliyada milyonlarla avro dəyərində dəfinə tapılıb
Bir neçə milyon avro dəyərində yüzlərlə qızıl sikkədən ibarət dəfinə İtaliyanın Komo əyalətində arxeoloqlar tərəfindən aşkar edilib. Alimlərin fikrincə, dəfinə bir gəmidə Roma İmperiyasının son illərində, təxminən 1500 il əvvəl gizlədilibmiş.
İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyindən bildirilib ki, pullar bizim eranın V əsrinin sonlarına (Roma İmperiyası 486-cı ildə süqut edib) aiddir. Arxeoloqlar keçmiş Kressoni teatrının binasında qazıntılar apardıqları zaman bu misilsiz xəzinəni aşkar ediblər. Nazirlikdən o da bildirilib ki, ekspertlər dəfinəni tədqiq etdikdən sonra sikkələr muzeylərdən birində yer alacaq. Hazırda sikkə kollektorlarında onlar milyonlarla avro dəyərində qiymətləndirilir. Ancaq tapıntıların dəqiq qiyməti hələ açıqlanmayıb.
Arxeoloq Luca Rinaldinin fikrincə, sikkələr əla vəziyyətdədir. Kəşf həm də ona görə unikaldır ki, bu günə kimi bu dəyərdə dəfinə aşkarlanmayıb.
Kressoni teatrı 1870-ci ildə fəaliyyətə başlayıb, sonradan kino nümayişi üçün təkmilləşdirilib. Təxminən 20 il əvvəl fəaliyyətini dayandırıb. Rəsmi məlumatlara görə, binanın sökülməsindən sonra ərazidə elit mənzillərin tikilməsi planlaşdırılır. Lakin gizli xəzinənin aşkarlanmasından sonra tikinti işləri qeyri-müəyyən müddətə təxirə salınıb. Çünki arxeoloqlar böyük miqyaslı qazıntılar aparmaqda israrlıdırlar və onların fikrincə, teatr binasının xarabalıqları altında daha qədim Roma xəzinələri gizlənə bilər.
Komo eyniadlı gölün sahillərindəki Alp dağlarının ətəklərində, İtaliya-İsveçrə sərhədinin yaxınlığında yerləşir. Sezarın vaxtında strateji şəhər olan Komo imperatorun şəxsi planı ilə Roma ənənəsinə uyğun salınıb. İmperiyanın süqutundan sonra Komonun zəngin və təhsilli sakinləri dəfələrlə yadelli basqınlara məruz qalıb. Təxmin edilir ki, arxeoloqların kəşf etdiyi xəzinə sakinlərdən birinin öz sərvətini qorumaq üçün gizlətdiyi qızıllardır. Orta əsrlərdə şəhər mühüm ticarət və kitab-çap mərkəzi kimi tanınmışdı. Qeyd edək ki, 1945-ci ilin aprelində faşist diktatoru Benito Mussolini Komo ətrafında həbs edilərək edam edilmişdi.
Hazırladı: Lalə AZƏRİ