Azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” filmi “Şaken ulduzları” XI beynəlxalq kinofestivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.
Mayın 31-dən iyunun 4-dək Qazaxıstanın Almatı şəhərində keçirilmiş festival tanınmış qazax rejissoru və aktyoru Şaken Aymanovun şərəfinə belə adlandırılıb.
Əsası 2003-cü ildə qoyulan kinoforum gənc kinematoqrafçılar və Mərkəzi Asiyada debüt kino üçün beynəlxalq müsabiqə festivalıdır. Festivalın missiyası gənc kinematoqrafçıların dəstəklənməsi və onların peşəkar inkişafı üçün lazım olan şəraitin yaradılmasıdır.
Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
Azərbaycanın “Sinema evi” və Rusiyanın “DS film” studiyalarının müştərək istehsalı olan film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib.
Filmin rejissoru Rodion İsmailov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmailov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.
“Doğma ocaq” filmi aprelin 15-dən 20-dək Yekaterinburqda keçirilmiş VIII Rusiya antropoloji filmlər festivalında “Ən yaxşı antropoloji film” mükafatını qazanıb.