Üzeyir Hacıbəyli festivalının açılışı Heydər Əliyev Sarayında keçiriləcək

Sentyabrın 18-i – dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü (“Üzeyir musiqi günü”) kimi təntənə ilə qeyd olunur. Bu dəfə də mədəniyyət tariximizin bu əlamətdar günü müxtəlif tədbirlər, mərasimlərlə qeyd ediləcək.

Həmin gün Fəxri xiyabanda Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarət olunacaq. Həmçinin Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” – Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün bir vaxtlar Şuşada ucalan büstləri ziyarət ediləcək.

Ənənəvi olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir musiqi gününə həsr olunmuş tədbir keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri çıxış edəcək.

Sentyabrın 18-də axşam Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası çıxış edəcək. Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, C.Allahverdiyevin xor və orkestr üçün “Əbədi sevgimsən” kantatası (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunur), digər əsərlər, həmçinin Arif Məlikovun 85 illiyi münasibətilə görkəmli bəstəkarın fortepiano və orkestr üçün konserti səslənəcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival sentyabrın 26-dək davam edəcək. Festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər iştirak edəcək.