Nuru paşanın komandanlığı ilə Azərbaycan və Türkiyə hərbçilərindən ibarət Qafqaz İslam Ordusunun Bakının erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümü tarixi zəfər yolunun keçdiyi bölgələrimizdə də anım tədbirləri ilə qeyd olunub.
Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı o illərin şanlı qəhrəmanlıq tarixidir.
Sentyabrın 14-də burada keçirilən anım mərasimində ziyalılar, rəsmilər, o cümlədən Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk qaziləri, eləcə də Nuru paşanın qardaşı Ənvər paşanın nəvəsi Arzu Ənvər iştirak edib.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrəhman Uzun abidənin və məzarın üzərində təmir işləri apardıqlarını və bundan qürur duyduğunu söyləyib.
Mərasimdə çıxış edən Arzu Ənvər Əroğan Azərbaycan-Türkiyə qardaşlığından danışıb. O, vurğulayıb ki, bu gün burada olmaqdan şərəf duyur, çox kövrək hislər keçirir. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin davam edəcəyini söyləyən qonaq Türkiyənin həmişə Azərbaycanın yanında olacağını bildirib.
“Azərbaycan mənim üçün fərqli bir ölkədir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Mənim qəlbimin bir hissəsi daim bu ölkədədir. Babalarım Ənvər paşanın və Nuru paşanın ruhu Azərbaycandadır”, - deyə Arzu Ənvər Əroğan bildirib. Osmanlı dövlətinin 1918-ci ildə Azərbaycana göstərdiyi kömək barədə danışan Arzu xanım deyib: “Babam Ənvər paşanın bu qərarı verməsinə yalnız bir səbəb var idi - Azərbaycandakı qardaşlarını erməni daşnaklarından xilas etmək”.
Arzu Ənvər Əroğan bildirib ki, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana göndərilməsini əks etdirən maraqlı tarixi faktlar da mövcuddur. Xəlil paşa o günləri belə xatırlayırdı: “Azərbaycanın təlim görmüş ordusu yox idi. Bakı ingilislər və onlara kömək edən daşnaklar və bolşeviklər tərəfindən işğal ediləndə mənə Şərq orduları komandanlığı vəzifəsi verildi. Ənvər paşa Bakı istiqamətində hərəkətə keçəcək İslam Ordusu yaratmaq qərarına gəldi. Qurulacaq bu ordunun komandanlığını da qardaşım oğlu Nuruya verdi. Nuru paşa Ənvər paşanın qardaşıdır. Biz birlikdə döyüşmüşdük. Balkan cəbhəsində, I Dünya müharibəsi zamanı ona önəmli vəzifələr verilmişdi...”
Arzu Ənvər diqqətə çatdırıb ki, 1918-ci ildə daşnak-bolşevik qüvvələrinə qarşı aparılan mübarizənin bu gün müsbət nəticələri göz önündədir. Minlərlə şəhidin qanının töküldüyü torpaqda müstəqil Azərbaycan dövləti var.