Şəxsiyyəti yaradıcılığından, yaradıcılığı şəxsiyyətindən maraqlı Hadisə-Adam – Adil İsgəndərov
Əzəmət, kişilik, ləyaqət, qeyri-adi cəsarət!..
Zənnimcə, bu sənətkarın adı qarşısına, rəsmi-direktiv titullarından öncə, bu kəlmələri yazıb-söyləmək gərək.
İşini itirməkdən heç vaxt qorxmamış bu sənət cəngavərini itirməkdən ehtiyatlanarmışlar...
Onu sevməmək mümkün deyilmiş – hətta düşmənləri belə! Ona düşmən münasibətin özülündəsə yalnız paxıllıq...
Əleyhdarlarının yeganə “arqument”-tutarğaları da buymuş ki, hazırladığı tamaşaların hamısına mütləq “milli ruh pərçimləyir”, öz periferik teatrını “böyük qardaş”ımızınkından yuxarı görür və s.
Bu “danos”ların özü də onu ilhamlandırırmış.
Çünki...
Əslində, o, bir bəy oğlu bəy idi. Nəslinin soyadı da İsgəndərbəyli imiş – bolşevizmin “bəy-xan” allergiyasına rəğmən “ov”laşmalı olublar. Öz adısa qrammatik zədə də alıb; ilk sənədində Ədil ikən, “Adil” olub.
Tezliklə qazanacağı böyük sənət adlarınasa mane ola bilməyiblər; ağlı kəsəndən teatra meyillənib, on yaşından Gəncədəki özfəaliyyət dərnəyinə qoşulub, üç il sonra (baş rolu özü oynamaqla) “Qaçaq Kərəm”ə quruluş verib və tamaşanın professionallıq elementlərini görən yaradıcı yaşlılar onu Bakıya göndəriblər.
Teatr texnikumunu əla qiymətlərlə bitirən gənc təhsilini davamçün Moskvaya (Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna, ardınca qısamüddətli rejissorluq təcrübəsi üçün Bədaye Teatrına) gedib. Qayıtdıqdan bir müddət sonra “Azdram”ın baş rejissoru (27 yaşında), sonra direktoru olub. Burada qeyri-adi fəaliyyət, bənzərsiz tamaşalar, analoqsuz sənət-şəxsiyyət duallığı və nəhayət, sənət ictimaiyyətinin dilində: “İsgəndərov teatrı”, “camaatın bilet tapa bilmədiyi teatr”, “serial anşlaq” kimi deyimlər.
“Əmma”, sən demə, bayırdakı sovet rejimi səhnəsində onun teatr erasına nöqtə qoyası başqa plan-filan dramlar hazırlanırmış...
Bəli, o, sənətin səhnə zirvəsinə yenicə çatıbmış ki, siyasi zirvədən “bir adam iki vəzifə daşıya bilməz” qərarı gəlir və “ya rejissor, ya direktor” seçimi (bununla da, hansısa bir müvəqqəti bürokratın əbədi sənətə müdaxilələri şəraitində işləmək “perspektiv”i) qarşısında qalan bu azman teatrdan birdəfəlik gedir.
Ancaq... bu teatrdakı baş “opponent”lərindən Ə.Ələkbərov rəhmətə gedəndə – bundan öncələr söz düşdükcə “Ələsgər Ələkbərov böyük sənətkardır” dediyi tələbələrini yığıb aparır “Azdram”ın qarşısına və (“mən çıxdığım yerə ikinci dəfə ayaq basmıram” fikrilə) onları da iki-üç saat tufanlı çöldə saxlayır. Cənazə teatrdan çıxarılandasa böyük hüzn və ehtiramla çiynini verir tabut altına...
Bu qürur, bu ağayanalıq onda tək elə bəy balası olması ilə əlaqədar deyildi, bu, Allahdan-anadangəlmə bir vergi idi. Nəinki bizim “Azdram”-“Azərbaycanfilm”də, hətta, “Mosfilm”-“Lenfilm”də belə onunla rastlaşanlar sövq-təbii kənara çəkilib ehtiramla yol verərmişlər...
Yuxarıdan enən “filan filmə filankəsi çək”, “bəhmənkəsə rol ver” kimi göstərişləri öz ağırbatman, “daşdan keçən” laqeydliyilə yola verər, “daşdəmir”lərisə: “Qadam, bəlkə mənim görmə qabiliyyətimdən şübhələnirsiz?..” kimi sözlərlə yumşaldıb, sözlərini “geri oxudarmış”.
Bir gün də AKP MK-nın II katibi Kozlov zəng edir ki, erməni və yəhudi dostlarından birinə rol versin, o birini rejissor köməkçisi eləsin. Aralarındakı uzun mükalimə-mübahisə daim haqq danışan bu sənət adamının: “Yoldaş Kazlov, yaxşı olar ki, bütün xalqın gözü qarşısından keçən kino-kadrlar haqda yox, iki gündür üçüncü mikrorayon sakinlərini susuz qoyan məsuliyyətsiz kadrlardan danışaq” ironiyası ilə bitir və beləliklə, onun kino erası da sona yetir...
“Despot”?..
Hə, onun qazandığı adlardan biri də belə imiş. Nə var-nə var, nizam-intizam onunçün hamıdan və hər şeydən əfzəlmiş. Məşqlərinə heç kim gecikə bilməzmiş. Sözü bir dəfə deyərmiş. Bu qədər həlim, demokratik bir sənətkar ən amansız diktatorlar qədər zəhmli imiş; cavan kinoçular onunla rastlaşanda siqareti ciblərində söndürərmişlər. Bu “despot” tamaşadan sonra aktyorların dərhal avtobus-tramvay-trolleybuslarla evə getmələrinə də nəzarət edir (etdirir), hətta onların, “xalq nəzərindən düşməmələri üçün”, bazar-dükan tələbatlarını sürücülərə (və səhnədə görünməyən işçilərə) gördürürmüş.
Amma çəkiliş meydançalarında tam fərqli adam olurmuş; rejissorların ən “balaca”sı da nə deyirmişsə, bu böyük direktor ona qeyd-şərtsiz əməl edirmiş.
Bir gün də Mircəfər Bağırova “donos”layırlar ki, “Vaqif” pyesindəki (və hazırlanmaqda olan tamaşasındakı) başkəsən, qaniçən Qacar onun prototipidir...
Pyesin şıdırğı məşqləri məqamında A.İsgəndərova xəbər gəlir ki, “Yoldaş Bağırov (zalda başqa heç kəsin olmaması şərtilə) tamaşaya baxacaq”. S.Vurğun və A.İsgəndərov çox həyəcan keçirməyə, tamaşanın yaxşı alınması üçün (o dövr “işıqçı”larından birinin ifadəsilə desək) “əllərindən gəlməyəni belə etməyə” başlayır və premyera günü evdən “əlvida” ab-havasıyla çıxırlar.
Salonda müəlliflərin (“görəsən, razı qalacaqmı?”), bayırda donosçuların (“maşına basıb apartdıracaqmı?!.”) gərgin “gözləmə” dəqiqələri...
Yox, bu dəfə sənət siyasətə dov gəlir; Bağırov əlçalma və təbəssüm kimi “xırdalıqlar”a yol verməsə də, sonda səhnəyə çıxan (və yerlərində donub qalan) aktyor heyətinə təşəkkür edib çıxır. Və ertəsi gün “A.İsgəndərov yoldaşa xidməti maşın, 39 yaşında “Azərbaycan SSR Xalq artisti” adı verilir...
On il sonra SSRİ Xalq artisti adı ilə təltif edilir.
Günü bu gün də böyük şövqlə söyləyənlər var ki, cavanlığından yalnız yüksək sənət postlarında, qeyri-adi təşkilatçılıq, qabiliyyət və istedad dərəcələrində olmuş Ədil müəllim hamı ilə yalnız və yalnız ATA kimi danışırdı. Bu bir faktdır ki, Azərbaycan milli teatr səhnəsi tarixində Adil İsgəndərovun quruluş verdiyi tamaşalar qədər duruş gətirəni olmayıb; onun “Vaqif”i 1200, “Fərhad və Şirin”i 500, “Xoşbəxtlər”i 400 dəfədən çox oynanılıb...
Bu nəhəng sənət fədaisi ilə, bu “Atom-Adam”la (aktyor Elxan Qasımovun - “Əhməd”in sözüdür) bir yerdə çalışanlar, dostları, tələbələri, qısası - təmasda olmuş hər kəs onun haqqında yalnız böyük sayğı hislərilə, bənzərsiz məhəbbət, xoş xiffət duyğularıyla danışır. “Bir gün Ədil müəllim mənə dedi ki, qadam, şöbəndəki işçilərə qarşı bir də belə kobudluq etmiş olsan, səninlə xudahafizləşəcəyimə görə üzr istəməli olacağam...” deyən, sovet beynəlmiləlçiliyinin “aktyor mübadiləsi” sahəsində də çiçəkləndiyi vaxtlarda şəstlə kabinetinə girib, “Ədil müəllim, istəyirəm yeni filmimdəki baş rollara Moldova, Gürcüstan və Özbəkistan aktyorlarını dəvət edim” - elanlayan rejissoru “Bəlkə mən də bu filmə Moskvadan rejissor dəvət edim?” dilemması qarşısında qoyan Ədil müəllim...
Həm də unikal pedaqoq
Özü də tək elə qapı-qapalı auditoriyalarda yox, “çöl”, “həyət” də adlandıra biləcəyimiz həyat dairələrində! Başqa müəllimlərin “jurnal”larındakılardan tək elə keyfiyyətcə yox, kəmiyyətcə də fərqlənən tələbələrinin fikir-qənaətlərini belə də ümumiləşdirmək olar ki, Adil müəllim ömrü uzunu tək elə teatr, kino sənətimizin yoluna deyil, bizim də həyat-sənət yolumuza işıq saçmışdır. Müəyyən qədər “neytral”, tarixi “şəxsiyyətə pərəstiş” pleyadasından çəkinən mütəxəssislər isə onun Azərbaycan incəsənətinin inkişafı üçün böyük məktəb yaratdığını ağızdolusu, qələm bolusu bəyan edirlər.
Onun bu Yolu xronoloji hesabla 40 ilə yaxın, mədəni-mənəvi arşınla isə çox uzun. Bu fenomen həmin o dörd onilliyi büsbütün böyük teatr və ekran aləmimizin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunub artmasına sərf edib. Özü də hər addım, hər hərəkət, hər nəfəsdə milli olmaqla, ruhundan güc və eşq aldığı xalqına böyük sevgilərlə!..
1910-cu il mayın 5-də Gəncədə doğulmuş Adil İsgəndərov bütün parametrlərilə gəncəli idi. Cavad xan kimi ağırtəbiətli, zabitəli, Nizami Gəncəvi kimi fitri, fenomenal istedadlı, Fikrət Əmirov sayaq makro-fantaziyalı, saysız-hesabsız oralılar kimi - bütün canı-qanı ilə milli!..
Bu dəm hiss etdim ki, dodaqlarıma xoş bir təbəssüm qonub və əlbəəl də onun həmin xarakterik keyfiyyətlərindən biri haqda kiçik bir “arayış” verməyə ehtiyac duydum. Belə ki, o, həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyə can atarmış. Onun hədsiz zabitəliliyindən danışanlar bunu da mütləq qeyd edirlər ki, Ədil müəllimlə təmas yaratmaq asan olmadığı kimi, yaxınlaşdıqdan sonra aralanmaq da müşkül iş imiş. Tanınmış aktyor Əbdül Mahmudov deyir “Əsl “KÖHNƏ KİŞİLƏR” təbiəti vardı onda. Ədil müəllim anadan və Gəncədən gətirdiyi bu “köhnəliklərlə” Bakıda, Moskvada və ondan savayı heç kimin gəzişə bilmədiyi qeyri-coğrafi ünvanlarda əxz etdiyi yenilikləri elə sintez, elə “montaj” edirdi ki, bütün teatr-kino aləmi onu “dubl”suz anlayırdı...”
Onun hər səhnə quruluşu dövrün ən əlamətdar hadisəsi kimi qiymətləndirilir, onun gəlişilə ölkənin teatr həyatında yeni və coşqun bir sənət mühiti formalaşmağa başlayır. Çağdaşlarının yazı və söhbətlərinə görə, bu rejissorun hər mizan-düzənində bir yenilik varmış - dekorasiyalardan tutmuş, aktyor oyununa, ümumi kompozisiyaya, klassik ənənələrin yeni formada təqdimatına qədər. Bu çox maraqlı mənzərəyə Ələsgər Ələkbərovun şaqraq, Hökümə Qurbanovanın məlahət dolu səsləri, başqa korifeylərin qeyri-adi jestləri bu “Atom-Adam”ın “partlayış” quruluşlarına əsrarəngiz ovqat gətirirmiş...
Adil İsgəndərovun tamaşaları orijinallıqdan əlavə, milli faktura və monumentallığı ilə də fərqlənib. Mütəxəssislər buna misal olaraq, əsasən, “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqin səhəri”, “Otello” və s. tamaşaları qeyd edirlər. Onun tamaşalara aktyor seçmək məharəti və təşkilatçılığı “bir baxışla”, “bir kəlmə ilə” kimi deyimlərlə ifadə olunurmuş.
...Beləliklə, o çağ tənqidinin bu sənətkarla bağlı “dövrün mərhələsi” qənaətini belə redaktələmək də olar; Ədil İsgəndərov – əbədi mərhələ!..
Bu ölkənin bütün teatr-kino mütəxəssisləri sənətdə fenomenal yaradıcı, həyatda total nüfuz-nüfuzedicilik sahibinin hazırladığı tamaşaların hamısını, oynadığı obrazlarınsa əksəriyyətini “hadisə” kimi dəyərləndirmişlər. Ad-soyadını işlədiyi ünvanların “təyininə” çevirmələri, rejissurasını “məktəb” adlandırmaları da öz yerində...
“Nəsimi”də Teymurləng obrazına onu təsdiqləyirlər, xeyli də çəkiliş gedir, bəyənilir və... məqamların birində “stop” edərək deyir: “Yox, bütün hallarda bu obrazı Yusif Vəliyev məndən üstün canlandırar. Onu çağırın...”
Eləcə də “Dəli Kür”dəki Cahandar ağa. 240 metrlik lenti yarımçıq saxlatdırıb deyir, bu rola Ələddin Abbasov daha uyğundur.
...Sevdiyi yeməkləri hərdən özü bişirərmiş. Son dəfə bişirdiyi pitini yeyərkən qardaşı qızı deyir, “Nizami” kinoteatrında yaxşı kino var, gedək baxaq. O: “qadam, siz gedin baxın, mən də gəlişinizə bir qəşəng çay dəmliyərəm, içərik”.
Bir azdan ürəyi sancır, çağırışa çox ləng gələn “təcili yardım”çılar bir-iki iynə vurub “orqanizmi iynəni qəbul etmir” deyə, çıxıb gedirlər. Onlar öz iş yerlərinə, bu böyük sənətkar isə o dünyaya...
Və dünyadəyişiminin (1978) 40-cı ildönümünü andığımız bu Bütöv Azərbaycan Dastan-Adamı haqda altmış il öncə öz doğma yurdunda bünövrələnmiş bir –
Xatirə
Bunu ünlü rejissorumuz Tofiq Kazımov və bənzərsiz aktyorumuz Həsənağa Salayevlə otuz səkkiz il bundan əvvəlki müsahibəmdə eşitmişəm.
Ədilin məşhuri-cahan vaxtları. SSRİ Dövlət mükafatı təltifatını “yumaq” üçün yığışıb gedirlər Gəncəyə. Hələ “müharibə istisi”nin soyumadığına baxmayaraq, onun çəki-zəkisini bilənlər onları yaxşıca qonaqlayırlar. Ancaq... qayıtdıqları günün axşamı bu tarixə düşəsi məclisin səbəbkarının ağzıdualı anası sevimli oğluna daha munis dost hesab etdiyi H.Salayevi bir qırağa çəkib nə desə yaxşıdı? Bəs, “ay oğul, sən imamzada, bizim bu Ədilə denən yığışsın gəlsin ev-eşiyinə! Mal-davara ot-əncər gətirənimiz yoxdu. Mən nə qədər deyirəm, eşitməzliyə vurur. Sən de. Deginən axı nə var ey o şəhərdə?!.”
Tahir ABBASLI