Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Solmaz Amanovanın “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid Solmaz Amanovanın yaradıcılığından söz açıb. Qeyd edib ki, Solmaz Amanova “İrs” dərsliyinin, elektron kitabların, cizgi filmlərinin, nağılların müəllifidir. S.Amanovanın fəaliyyətini örnək göstərən Rəşad Məcid məktəblərdə, eləcə də rus bölməsində Azərbaycan milli irsinin, folklorunun, poeziyasının, tətbiqi sənətinin öyrənilməsinin zəruriliyini qeyd edib.

Sonra S.Amanova “İlmə əyləncəli əlifba” elektron kitabını təqdim edib. Tədbir iştirakçıları balacalara doğma əlifbanı öyrətməyə kömək edən əyləncəli oyun videoçarxını izləyiblər. Müəllif diqqətə çatdırıb ki, kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutub və beş dildə nəşr olunub. Kitabın motivləri əsasında ingilis dilində cizgi filmi çəkilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əməkdaşı Anar Cəfərov, Xalq rəssamı, professor Sakit Məmmədov, videoçarxın 3D formatında lentə alındığı “Novum” firmasının nümayəndəsi Emin Əsədov, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova və başqaları Azərbaycan dilində elektron tədris kitablarının əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, kitablar Mədəniyyət Nazirliyi tərəfindən alınır və müxtəlif ölkələrin kitabxana fondlarına göndərilir.