Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının 6-cı iclası çərçivəsində “Türkdilli ölkələrdə kino və animasiya: qanunvericilik və praktika” mövzusunda seminar keçirilib.
Tədbirdə TürkPA-nın üzvü olan ölkələrdən kinorejissorlar, milli film studiyalarının nümayəndələri, animator və kino analitikləri iştirak ediblər.
Ölkəmizi seminarda rejissor, ssenarist Mirbala Səlimli və rejissor, animator Mənsur Şəfiyev təmsil ediblər.
Tədbiri Qırğızıstan parlamentinin (Joqorku Keneş) deputatı, Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri Sadık Şer-Niyaz açaraq türkdilli ölkələrin kinematoqrafçıları qarşısında duran vəzifələrdən, son illərdə bu ölkələrdə animasiya filmlərinin çəkilişindən, bu istiqamətdə mövcud olan problemlərdən danışıb. “Biz öz tariximizi, mədəniyyətimizi, incəsənətimizi animasiya dili ilə uşaqlarımıza çatdırmalıyıq”, - deyə deputat vurğulayıb.
Mirbala Səlimli ölkəmizin kino tarixi haqqında məlumat verərək bildirib ki, bu il avqustun 2-də Azərbaycan kinosunun 120 illiyi qeyd edilib. Bu sahəyə göstərilən dövlət qayğısından danışan M.Səlimli deyib ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair” Dövlət Proqramı bu istiqamətdə mühüm sənəddir, bununla əlaqədar böyük işlər görülüb və bu istiqamətdə fəaliyyət davam edir.
Mənsur Şəfiyev animasiya filmləri sahəsində görülən işlər haqqında məlumat verib. Bildirib ki, 1969-cu ildə Azərbaycanda “Cırtdan” nağılı əsasında eyniadlı cizgi filmi çəkilib. O vaxtdan bəri ölkəmizdə cizgi filmlərinin çəkilişi davam etdirilir və bu sahədə müəyyən uğurlar qazanılıb. Son vaxtlar Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” nağılı əsasında çəkilən cizgi filmi dünya miqyasında nümayiş etdirilib.
Sonra cizgi filmlərindən fraqmentlər göstərilib.
Qazaxıstan, Qırğızıstan və Türkiyə kinematoqrafçıları da öz ölkələrində sözügedən sahədə həyata keçirilən layihələrdən danışıblar.