Bu il Duzdağ mədənləri tədqiq edilib, Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar olunub. Daş alətlərin keramikanın yayıldığı zonalar üzrə bölüşdürülməsi göstərir ki, bu zonalar başlıca olaraq Son Eneolit və Erkən Tunc dövrlərinə aid keramikanın konsentrasiya olunduğu ərazilərlə uyğun gəlir. Aparılan araşdırmalar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib. Alimin sözlərinə görə, tədqiqata cəlb edilən abidələrin bir qrupu qədim Kültəpə yaşayış yeri ətrafındadır. Azərbaycan arxeologiyasında Eneolit abidəsi kimi tanınan bu yaşayış yerindəki qazıntı sahəsində 2018-ci ildə aparılan tədqiqatlar xam torpağa çatana qədər davam etdirilib və Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi-arxeoloji əsaslarla tam dəqiqləşdirilib. Bu il həmçinin I Kültəpə yaşayış yeri ətrafında 2010-2013-cü illərdə aparılan arxeoloji araşdırmalar zamanı aşkar olunan Eneolit dövrü yaşayış yerlərinin tədqiqi də davam etdirilib. Tədqiqatlar göstərir ki, Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçilik və köçmə maldarlıqla məşğul olublar. Köçmə maldarlıq insanların müxtəlif faydalı qazıntılar, o cümlədən mislə tanışlığına gətirib çıxarıb. Kültəpə ətrafındakı abidələrin tədqiqi ölkəmizin qədim sakinlərinin miqrasiyasının arealını, onların Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verir.