İyulun 15-də Nizami Kino Mərkəzində tanınmış kinorejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ata yolu” filminin ilk təqdimatı keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri iştirak ediblər.
   
   Filmdə eramızdan əvvəl IX əsrdə ölkəmizin ərazisində mövcud olmuş Manna dövlətindən başlayaraq müasir dövrümüzə qədər xalqımızın şanlı tarixinə qısa ekskurs edilib. Sonra XX əsrdə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühitindən bəhs edilərək ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılıb. Ekran əsərində ümummilli liderin başladığı yolun layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə qazanılan uğurlar da əks olunub.
   Filmin nümayişindən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək deyib ki, Vaqif Mustafayev bu filmi ilə bizim ən yeni tarixlə əlaqədar yaddaşımızı təzələyir və ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi ilə bağlı möhtəşəm fəaliyyətinin bəzi məqamlarını nümayiş etdirir: “Sözün həqiqi mənasında 1990-1993-cü illərdə baş vermiş hadisələrə bu günün prizmasından baxanda bəzən müəyyən qədər qəribəliklər diqqətə çarpır. Bizə elə gəlir ki, sanki hər şey belə gözəl, belə rəvan olmalı idi. Bu gün bu filmə baxarkən bizim möhtəşəm, ziddiyyətli, kəşməkəşli son 30 illik tarixin ayrı-ayrı məqamları özünün bütün mahiyyətini büruzə verir”.
   Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın inkişafı ilə bağlı olmuşdur. Onun fəaliyyətinin hər bir dövrünə diqqət yetirsək görərik ki, Azərbaycanın ən yeni tarixinin bütün reallığı filmdə öz əksini tapıb: “Dövlətçilik təfəkkürünün, yenilməz iradənin, xalqa bağlılığın, vətənə sevginin, ailəyə məhəbbətin, siyasi xadimə xas olan ali keyfiyyətlərin ən yaxşı nümunələrini məhz Heydər Əliyev yaratmışdır. Ona görə də bu gün hansı sahəyə diqqət yetirsək, orada Heydər Əliyevin izi görünür. Həmin izləri əbədiləşdirdiyinə görə mən bu filmin yaranmasında əməyi olan hər kəsə, həmçinin bu ekran əsərinin rejissoru və ssenari müəllifi Vaqif Mustafayevə təkrar-təkrar təşəkkür edirəm”.
   Ümummilli lider Heydər Əliyevin missiyasını son on ildə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyini deyən Əli Həsənov vurğulayıb ki, filmin “Ata yolu” adlandırılması heç də təsadüfi deyil. “Ata yolu”nun mahiyyəti bəllidir - Heydər Əliyevin yolunu davam etdirmək. Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycan xalqının inkişafına xidmət edən yoldur.
   Hər bir yolun uğuru onun hədəflərinin bəlli olması üzərində qurulur. Prezident İlham Əliyevin yürütdüyü siyasət hədəfi bəlli, məqsədləri aydın olan, xalq tərəfindən dəstəklənən və onu həyata keçirənlərin iradəsinə söykənən bir siyasətdir.
   Qarşıdan prezident seçkilərinin gəldiyini diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri deyib ki, bütün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan bütün soydaşlarımız bu uğurlu siyasətin davamına öz töhfələrini verəcəklər: “Növbəti prezident seçkiləri də uğurla başa çatacaq və dövlətimizin başçısı İlham Əliyevin qələbəsini andiçmə mərasimində qeyd edəcəyik”.
   Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov filmin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda yaradıcı insanlar ulu öndər Heydər Əliyev mövzusuna böyük həssaslıqla yanaşırlar: “Bu, əslində Azərbaycan cəmiyyətinin bu mövzuya olan ehtiyacından qaynaqlanır. Bu mənada filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayevə təşəkkürümü bildirirəm”.
   Filmin rejissoru və ssenari müəllifi Vaqif Mustafayev diqqətə çatdırıb ki, “Ata yolu” ekran əsəri Heydər Əliyevə həsr olunmuş on iki filmdən sonuncusudur: “Ulu öndərə söz vermişdim ki, on iki film olacaqdır və sözümə əməl etdim. Bu, mənim sənət borcum idi və onu yerinə yetirdim. Bizim üçün böyük xoşbəxtlikdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin müdrik siyasətini uğurla davam etdirir. Artıq biz bilirik ki, bu ilin payızında keçiriləcək prezident seçkilərində kimə səs verəcəyik. Biz və bizim övladlarımız, sonrakı nəsillər xoşbəxt yaşamaq istəyirlər. Bu film təkcə mənim mövqeyim deyil, həm də əqidəmdir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar