Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti 26 sentyabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.
Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcək.
Sergey Roldugin 1951-ci ildə anadan olub. 1975-ci ildə Leninqrad (Sankt-Peterburq) Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin (1974-1984) və Mariinski Teatrının (1984-2003) solisti kimi fəaliyyət göstərib. 2003-2004-cü illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru olub. 2006-cı ildən onun təşəbbüsü ilə yaradılan Sankt-Peterburq Musiqi Evinin prezidentidir.