XX əsrin ikinci yarısında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında peşəkar operator nəsli fəaliyyət göstərirdi. Onların fərdi istedadı nəticəsində filmlərin ekran taleyi uğurlu olur, sorağı uzaq ölkələrdən gəlirdi. Milli kinomuza uğur gətirən istedadlı kinorejissorlarımızdan biri də Rasim İsmayılovdur. O, ömrü boyu sənətinə sadiq qalıb, kinomuzun intibah dövründə də, çətin vaxtlarında da çəkdiyi ekran əsərlərində peşəkarlıq nümayiş etdirib. Onun çəkdiyi filmlərdəki dəqiq mizanlar, personajlara hədsiz diqqəti kinonu bizim həmsöhbətimizə çevirirdi. Bu da onun məsləyinə sevgisindən irəli gəlirdi.
      
   Yaxşı deyirlər ki, hər kəs xeyirxah əməli, işi ilə yadda qalır, xatirələrdə yaşayır. Sevimli kinooperator Rasim İsmayılov da insani keyfiyyətlərinə, peşəkar sənətinə görə müasirlərinin, həmkarlarının rəğbətini qazandı, unudulmadı.
   Rasim Rza oğlu İsmayılov 1936-cı il iyulun 13-də Bakıda ziyalı ailəsində anadan olub. Hələ uşaqlıqdan həyata fərqli baxışına, münasibətinə görə həmyaşıdlarından seçilərdi. Onun ən böyük arzusu təyyarəçi olmaq idi. Kiçik yaşlarından aviasiya ilə maraqlanar, hər gün dərsdən sonra aerokluba gedər, şənbə və bazar günləri Zabrat aeroportunda kiçik təyyarədə uçar, təyyarəçi olmaq eşqi ilə yaşayardı. Tale belə gətirir ki, o, təyyarəçilik məktəbinə imtahan verərkən tibb komissiyasından keçmir. Bununla belə ruhdan düşmür. İkinci bir əyləncəsi olan fotoqrafiya ilə məşğul olur. Kinoya olan sevgisi isə 1958-ci ildə onu Bakı kinostudiyasına gətirir, burada operator assistenti kimi işləməyə başlayır.
   Rasim İsmayılovun qəlbində kinonun xüsusi yeri vardı. Buna görə də o, kino sənətini dərindən öyrənmək məqsədilə elə həmin il Moskva Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur. Məşhur operator Boris Volçekin emalatxanasında təhsil alır. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.
   1962-ci ildə institutu bitirib Bakıya qayıdır. Bir neçə il Azərbaycan Televiziyasında çalışır. Burada gənc operatorun ssenariləri əsasında “Azərbaycan raport verir”, “Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunur. Rejissor kimi “Mavi ekranın yolları”, “Şəhərin ritmləri” və başqa sənədli filmlər çəkir.
   Rasim müəllim Azərbaycan televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınır. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verir. Onun ssenarisi əsasında çəkilən bu film-alleqoriya Kiyevdə “Prometey - 69” festivalında ən yaxşı rejissor işinə görə diploma layiq görülür.
   Rasim İsmayılov insan ruhunun sərrafı idi. Onun kamerasının obyektivindən bütün xarakterlər açılır, filmdə təsvir olunan hadisələr xırdalıqlarına qədər cilalanır, şərh edilirdi. Zəngin mütaliəsi, yüksək mənəvi daxili aləmi, dünyagörüşü, intellektual səviyyəsi ona bütün janrlarda film çəkməyə imkan verirdi.
   Onun bədii kinoda operator kimi debüt işi “Cazibə qüvvəsi” kinoalmanaxında “Dağ meşəsindən keçərkən” novellasıdır. Təbiət mənzərələri maraqlı və heyranedici təsvir olunan bu filmdə qəhrəmanların qarşılıqlı münasibəti, daxili mənəvi aləmləri təfsilatı ilə şərh edilir, filmin ideya-məzmunu tamaşaçıya tamlıqla çatdırılır.
   Tezliklə o, böyük kinoya vəsiqə alır. Görkəmli rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” filminin (1965) çəkilişlərini təsadüf nəticəsində öz öhdəsinə götürməli olur. Filmin quruluşçu operatoru, görkəmli sənətkar Xan Babayev qəflətən bərk xəstələnir. Tarixi-inqilabi janrda çəkilən, aktyorların çoxunun Rusiyadan dəvət aldığı filmin çəkilişləri yarımçıq qalır. Məzmun və həcm etibarı ilə sadə olmayan ekran əsərinin taleyini hər operatora həvalə etmək mümkün deyildi. Çünki filmdə artıq Xan Babayevin dəst-xətti qoyulmuşdu. Onun üslubunu da davam etdirmək lazım idi. Rejissor Xan Babayevdən onun işini kimə həvalə edə biləcəyini soruşanda o, tərəddüd etmədən kinoda artıq yaradıcılığını təsdiqləyən Rasim İsmayılovun adını çəkir. Beləliklə, Rasim İsmayılovun həm də bəxti onda gətirir ki, onun adı böyük kinoda ilk dəfə görkəmli kinorejissor H.Seyidzadə ilə birlikdə çəkilir. Filmdə hadisələrin gərginliyini artıran müxtəlif rakurslu çəkilişlər, obrazların dövrün reallığından irəli gələn sinfi mübarizə şəraitindəki mübariz mövqeləri dinamik çəkilişlərin fonunda aydın təsvir olunur. Filmdə kütləvi ifa maneraları, statik və panoramlı çəkiliş nümunələri çox maraqlıdır. Final çəkilişlərində əsgərlərin qəbri üstündə duran şəxsi heyətin ümumi planlı, hərəkətli çəkilişi isə ekran əsərinin emosional təsir gücünü artırır və ideyasını açır.
   Rasim İsmayılov Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.
   Bu gün də tamaşaçıların sevərək baxdığı “Gün keçdi” filmində Rasim müəllim operator kimi Bakının şairanə təsvirini yaradıb. O, sanki qurduğu hər bir mizanı, çəkdiyi hər bir kadrı ilə doğma şəhərinin daşına, divarına sığal çəkir, əzizləyir.
   Onun nümunəvi yaradıcılıq üslubu vardı. İşləməkdən qətiyyən yorulmazdı. Peşəkarlığından və rejissor ideyalarını öz tapıntıları ilə təsdiqləmə bacarığından irəli gələn səbəblərdən bəzən ona ildə 3-4 film çəkmək həvalə olunurdu. “Dədə Qorqud”, “Dörd bazar günü” (bədii), “Fransa qəhrəmanı”, “Nabran” (sənədli) filmlərini o, 1975-ci ildə çəkib.
   “Babək” film-epopeyasında müxtəlif rakurslu çəkilişlər, Babəkin Bəzz qalası üzərindən düşmən ordusunu seyr edən ümumi planlı və montajdan istifadə edilməyən hərəkəti, panoramlı çəkilişlər operator işinin ustalığını təsdiqləyən, filmin möhtəşəmliyini əks etdirən kadrlardır.
   Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib. Bu illər ərzində o, operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi 4 “Mozalan”, 2 animasiya filmi çəkib.
   Rasim İsmayılovun adı milli kino tarixinə həm də kinorejissor kimi daxil olub. O, on üç il ərzində yeddi bədii filmə quruluş verib: “Şir evdən getdi”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”, “Tələ”.
   Onun rejissorluq debütü 1977-ci ildə çəkdiyi “Şir evdən getdi” müasir nağıl-filmidir. Rasim müəllim uşaqları çox sevərdi. Yaradıcılığında xüsusi yer tutan uşaq filmləri bu sevginin əyani sübutudur. O, həmişə deyərdi ki, uşaq filmləri çətin janrdır: “Uşaqlarla işləmək üçün xüsusi pedaqoji üsul olmalıdır. Ən vacibi isə odur ki, gərək uşaqları sevəsən və səbirli olasan. Hərdən çəkilişlərdə çətinliklərlə üzləşirdim, amma uşaqlarla işləmək mənə zövq verirdi”.
   Rasim İsmayılovun yaratdığı filmlərin sınaq çəkilişlərinə 200, bəzən daha çox uşaq gəlirdi. Onların arasından filmlərin qəhrəmanlarını çox səbirlə seçərdi. Çox vaxt deyərdi ki, uşaqlara filmdə uşaq kimi rəftar etməsini demək düzgün deyil. O zaman o başqalaşır, kadr real alınmır. Uşaqlar kamera qarşısında sərbəst olmalı, sadəcə özlərini oynamalıdırlar.
   İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən “Sizi dünyalar qədər sevirdim” filmi qəhrəmanın ömrünün son günlərini əks etdirir. Bu film kinostudiyanın yaradıcılıq uğuru kimi qiymətləndirilib, sovet kinematoqrafiyası ustalarının ən yaxşı işlərinin siyahısına daxil edilib və filmə ümumittifaq baxış keçirilib. Filmin çəkilişlərini həyata keçirmək üçün Rasim müəllim bir çox çətinlikləri aradan qaldırmalı olub. Onun əsas istəyi, amalı nə olursa-olsun kinonu inkişaf etdirmək, həyata münasibətini yaradıcılığında bildirmək idi.
   Rasim İsmayılovun quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir. Bədii film yaratmağa imkan olmayan vaxtlarda, yəni 90-cı illərdə Rasim müəllim yaradıcılığında yaranan boşluğu sənədli filmlər çəkməklə doldururdu. O, fəaliyyətsizliyi ilə qətiyyən barışmırdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, sevdiyi sənətinin sirlərini tələbələrinə böyük məmnuniyyətlə öyrədirdi. Uşaq dünyasına biganə qalmayan sənətkar eyni zamanda uşaqlar üçün maraqlı nağıllar, hekayələr yazırdı. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.
   Rasim İsmayılov 2004-cü il martın 3-də dünyasını dəyişdi. O, özünü sənətində tapmışdı. Tez-tez deyərdi: “Xoşbəxtəm ki, həyatım boyu sevdiyim işlə məşğul olmuşam”. O, elə bir sənət seçmişdi ki, fantaziyasını, arzularını bu sehrli aləmində reallaşdıra bilsin. Buna görə o, bu fürsətdən çox böyük məharətlə istifadə etdi. Şəxsiyyətini sənətində, sənətini isə qəlblərdə əbədiləşdirdi.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar